Azərbaycan şəhərsalma siyasətində təbiətyönümlü həlləri tətbiq edir və urbanizasiya artımı ilə təbiətin qorunması arasında balans yaratmaqla dayanıqlı və iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulması üçün bunu əsas alətlərdən biri hesab edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində keçirilən "İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə" mövzusunda panel sessiyada deyib.
O qeyd edib ki, bu gün şəhərlər iqlim dəyişiklikləri ilə mübarizənin ön xəttində yer alır və dünya əhalisinin təxminən 58 faizi artıq istilik dalğaları, daşqınlar, su qıtlığı və digər iqlim risklərinə daha çox məruz qalan şəhər ərazilərində yaşayır.
Onun sözlərinə görə, eyni zamanda təbii ekosistemlərə təzyiq də artır. Buna görə də təbiətyönümlü həllər mənzil tikintisi və şəhərsalma siyasətinin ayrılmaz hissəsi olmalı, baş planlaşdırma və zonalaşdırmadan tutmuş tikinti və idarəetməyə qədər bütün mərhələlərdə tətbiq edilməlidir.
Ağakərim Səmədzadə əlavə edib ki, Azərbaycan artıq bu yanaşmanı mənzil və şəhərsalma siyasətində tətbiq edir. O bildirib ki, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası və onun 2030-cu ilədək uzadılması təmiz, ekoloji və "yaşıl" inkişafı milli prioritetlər kimi müəyyənləşdirir.
O həmçinin qeyd edib ki, Azərbaycan "yaşıl enerji" zonalarını, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını inkişaf etdirir, eyni zamanda azad edilmiş ərazilərdə ekosistemlərin bərpası istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, Türkiyə ilə əməkdaşlıq çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yaşıllaşdırma işlərini dəstəkləyəcək yaşıllaşdırma mərkəzinin yaradıldığını vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçiriləcək.
Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.