AZ

Trampı canlandıran aktyor: "Amerika çox pis vəziyyətdədir və bu, gülməli deyil"

Donald Trampın həyatından bəhs edən "Şagird" (The Apprentice) bioqrafik filminin Kann kinofestivalındakı premerasından iki il sonra, baş rolu ifa edən aktyor Sebastian Sten özünün yeni filmi "Fjord"un mətbuat konfransında bu obrazı barədə yenidən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Aktyor ABŞ-ın hazırkı daxili vəziyyətinə toxunaraq, ölkəsinin "çox pis vəziyyətdə olduğunu" bəyan edib.

Jurnalistlər Stenə Trampın yenidən hakimiyyətə gəlməsindən bir ildən çox vaxt keçdiyini xatırladaraq, premerası məhz 2024-cü il seçkiləri ərəfəsində baş tutan "Şagird" filmi haqqında indi nə düşündüyünü soruşduqda, zalda əsəbi gülüş qopub. Lakin aktyor məsələyə olduqca ciddi yanaşıb: "Düzünü desəm, burada gülməli heç nə yoxdur. Qətiyyən".
 

"Mənə elə gəlir ki, biz çox, çox pis vəziyyətdəyik. Həqiqətən belə düşünürəm. Baş verənlərə — medianın monopoliyaya alınmasına, senzuraya, təhdidlərə, sonsuz görünən, lakin heç bir nəticə verməyən qondarma məhkəmə iddialarına baxanda hər şey aydın olur. Bilirsiniz, bütün bu əlamətlər hələ o vaxtdan bəlli idi. Biz film üzərində işləyərkən artıq bu təzyiqlərlə üzləşmişdik", — deyə Sten qeyd edib.


Xatırladaq ki, 2024-cü ildə Donald Tramp məhkəmə araşdırması ilə təhdid edərək, rejissor Ali Abbasinin bu ekran işini "zibil" və "tamamilə uydurma" adlandırmış və Kann festivalındakı nümayişini dayandırmağa çalışmışdı.

"Festivalın başlamasına üç gün qalmış filmin Kanda nümayiş olunub-olunmayacağından hələ də əmin deyildik. Bəlkə də elə buna görə indi insanlar bu filmə daha çox diqqət yetirirlər və inamım var ki, o, zamanın sınağından keçəcək. Lakin biz bu pressinqi Cimmi Kimmel, Stiven Kolber və digərlərinin öz proqramlarında bu barədə zarafat etmələrindən hələ çox əvvəl yaşamışdıq. Odur ki, mən hər şeyin tam fərqli olmasını istərdim", — deyə aktyor əlavə edib.

Bizim.Media

Seçilən
21
1
bizim.media

10Mənbələr