AZ

Günün fotosu – Qırmızı saziş və Ağ Evin qara yolu

Bu şəkil Çinin paytaxtı Pekində çəkilib və hazırda dünyanın aparıcı media qurumlarının onlayn səhifələrində tirajlanır.

Şəkildə görünənləri hər kəs tanıyır: Rusiya prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpin. (İngiliscə çıxan nəşrlər Çin liderinin ad-soyadını Xi Jinping kimi yazırlar, onu transkripsiyaya uyğun oxuyanda belə alınır: İksay Cinpin).

Şəkildə adamın gözünə birinci nə sataşır? Qırmızılıq. Liderlər qırmızı rəngli bayraqların fonundadırlar, əllərindəki saziş qovluğunun üz qabığı qırmızı rəngədidir, bir də qalstukları tünd qırmızıdır.

Qalstukların eyni rəngdə olması protokol xidmətləri tərəfindən öncədən razılaşdırılıb, buna söz yox. Qovluqların rənginin qırmızı olması anlaşılandır – bu, adətən ya göy rəngli olur, ya da qırmızı. Bayraqlardakı qırmızılıq da təbiidir: Rusiyanın dövlət bayrağının üç rəngindən biri qırmızıdır, Çinin bayrağı isə bütövlükdə qırmızı rəngdədir.

Çin qırmızı bayrağı da, qırmızılıq kultunu da, bu rəngə rəğbəti də Rusiyadan əxz edib. Ötən əsrin ortalarında Çin Rusiyadakı kommunist-bolşevik inqilabını, sosializm quruluşunu olduğu “kopi-peyst” edib, avtorisaziya edib.

papka.JPG

Maraqlıdır ki, Rusiya sosializmdən, qırmızılıq kultundan imtina etdiyi halda, Çin sosializmə sadiqdir. Bu ölkədə hakimiyyətdə hələ də kommunistlərdir – ikinci siyasi partiya yoxdur. Çindəki kommunizm heç də məşhur ifadə ilə desək, “kitayski kommunizm” deyil. (“Kitayski” kommunistlərin ölkəsi çoxdan süqut edib).

Çinin bu yoldan imtina etmək, başqa yol seçmək, bu ideyanın deqradasiyasına rəvac vermək lüksü yoxdur. Ölkədə hamı anlayır ki, başqa yol indiyədək əldə olunan nailiyyətlərin darmadağın olması, milyonlarla insanın yeni hərc-mərclikdə qurban getməsi deməkdir.

İndilikdə Çin təlatümlü okeanda sabitlik adasıdır. Onun da öz nifaq adası var – Tayvan. Çin liderləri Putinin 2022-ci ilin fevralında buraxdığı səhvi (Ukraynaya hücum) təkrar edərək, Tayvana hücum etməyə tələsmirlər, amma adaya olan iddialarını da, demək olar ki, hər gün səsləndirirlər.

Bu görüşdən bir az əvvəl Cinpin ABŞ lideri Trampla da görüşmüş, bu cür şəkillər çəkdirmişdi. Fəqət o, bu şəkildə daha səmimidir.

Tramp bu iki şəxsi, eləcə də onların idarə etdiyi dövlətləri bir-birindən ayırmaq və təkləmək istəyir. Biri keçmiş kommunist olan, o biri hələ də kompartiya bileti daşıyan bu iki şəxs Ağ Evin qara yoluna qədəm qoymaq fikrinə düşmür, müttəfiq olaraq qalmağı üstün tuturlar.

Onların öz qırmızı yolları və öz qırmızı xətləri var.

Musavat.com

Seçilən
22
10
musavat.com

10Mənbələr