Azərbaycanda bir mövsümdə iki kubok qazanan ilk legioner məşqçinin uğura aparan yolu satıcılıqdan tutmuş narkomanlar məhəlləsinin komandasına qədər uzanır...
Litvalı idman mütəxəssisləri, nə hikmətdirsə, həmişə Azərbaycan üçün uğurlu olur. Biz əfsanəvi basketbolçu Rimas Kurtinaytsi xüsusi misal göstərə bilərik. Basketbol üzrə olimpiya və Avropa çempionu, “Sabah” klubunun baş məşqçisi Kurtinaytsın Azərbaycanla bağlılığı hələ əsrin əvvəllərindən var.
Kurtinaytsdan Dambrauskasa qədər
Tanınmış basketbolçu Rimas Kurtunayts son illər “Sabah” basketbol klubunun baş məşqçi olub. Amma Dambrauskasın “ayağı” ona düşmədi, ötən həftəsonu mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında başa çatdı. Qeyd edək ki, “Sabah” Azərbaycan Basketbol Liqasında son 4 mövsümün qalibi olub.
İndi daha bir litvalı ölkəmizin idman həyatında sözün əsl mənasında rəqiblərinə “meydan oxumaqda”, yüksək titullar qazanmaqdadır. O, Abşeron rayonunun Masazır qəsəbəsini təmsil edən “Sabah” klubuna iki qızıl qazandırdı - ölkə çempionluğunu və ölkə kubokunu. Bununla da Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir.

Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub. Beləliklə, 6-cı mütəxəssis litvalı Dambrauskas oldu. “Sabah” klubu 2025-ci ildə Dambrauskasla 3 illik müqavilə bağlayıb. Elə litvalı baş məşqçinin Azərbaycanda debütü “Qızıl dubl”la yadda qaldı. Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin “Omoniya” (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.
"6" rəqəminin sirri, kubokların "kral"ı
O, baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub. Bu da rəqəmlərin sirridir ki, Dambrauskas 6-cı kuboku Azərbaycanda qazanıb. Yəni həm ölkəmizin futbol tarixində “Qızıl dubl” edən altıncı baş məşqçidir, həm də “Sabah”ın “Zirə” üzərində qələbəsi ilə 6-cı kuboku qazanan mütəxəssisdir. Göründüyü kimi, "66" heç də şeytan rəqəmi deyil...

Poçtalyon, rəngsaz, narkomanlar məhəlləsi...
Dambrauskas 1977-ci ildə Litvanın Pakruoyis şəhərində dünyaya göz açıb. Onun futbolçu karyerası isə sadəcə, həvəskar səviyyədə olub. Litva 3-cü liqasında meydana çıxan çalışdırıcı daha sonra universitetə daxil olur. Dambrauskasın “Sabah”a gəlişi təsadüfi deyil. Onun intellektual biri olması burada mühüm rol oynayıb. Baş məşqçi 2002-ci ildə Litvanın LNK televiziyasında yayımlanan “Altı sıfır - Bir milyon” viktorina şousunda iştirak edib və bu yarışdan 1 160 avro qazanıb. O, ən çox gündəlik qəzetin hansı ölkədə çap olunduğu (doğru cavab: Yaponiya) sualına cavab verə bilməyərək yarışmanı dayandırıb. Ardınca qazandığı pulla İngiltərəyə məşqçilik təhsili almağa gedib. Əvvəlcə poçtalyon, satıcı və rəngsaz kimi müxtəlif işlərdə çalışıb. Sonra Londonun narkotik satıcıları ilə dolu ən kasıb məhəlləsinin komandası - “Kingsbury London Tigers”ə rəhbərlik etməli olub. Daha sonra “Fulhem”, “Mançester Yunayted” və “Brentford” kimi köklü klubların akademiyalarında təhsil alıb. Sonrası da məlumdur - onun karyerasında yüksəliş dövrü başlayır və yuxarıda sıraladığımız klublarda çalışıb.
Dambrauskas müsahibələrinin birində daim yüksək hədəflər altında işləməyə öyrəşdiyini bildirib: “Komandalarımı adətən birinci yerdə və ya ona yaxın mövqedə görməyə öyrəşmişəm. Bundan başqa, hər hansı hədəf mənim üçün qəbuledilməzdir. Böyük təzyiq altında yüksək hədəflər uğrunda mübarizə aparmaq mənim üçün bir imtiyazdır. Ən pisi heç nə uğrunda oynamaq, turnir cədvəlinin ortasında qalmaqdır”.
Valdasın “Sabah”ı necə açılacaq?
İdman yazarları Dambrauskasın və “Sabah”ın uğurunun sirri olmadığını deyirlər. Sadəcə, saat kimi işləyən mexanizm, sistemli oyun və fərdlər üzərində qurulmayan komanda. Klubda xüsusi adı qeyd olunacaq favorit də yoxdur. Bu, qismən “Mançester Siti”nin oyun sisteminə oxşayır. Transfer siyasəti də bu uğurun əsas nümunəsidir. Masazır təmsilçisi illərlə ad üçün transfer edən klublardan fərqli olaraq, sistemə uyğun futbolçular seçdi. Komandaya gələn oyunçular tanınmış adlar yox, Dambrauskasın oyun fəlsəfəsinə uyğun futbolçular oldu.
İndi litvalı mütəxəssis üçün daha mürəkkəb bir sınaq dövrü gəlir. O, neçə illik estafeti “Qarabağ”dan alaraq Azərbaycanı Çempionlar Liqasında təmsil etməlidir. Bu, olduqca böyük məsuliyyətdir. Əvvəla, bu, “Sabah” üçün ÇL-də bir debüt olacaq. İkincisi, potensial rəqiblərinə baxanda, Masazır klubunun bəlkə də maksimum ilk turu keçəcəyi gözlənilir. Artıq Azərbaycan çempionunun potensial rəqibi olacaq 14 komandadan 10-u məlumdur. Bunlar “səpələnmişlər” səbətinə düşən “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya). Daha 4 rəqib isə hələlik qeyri-müəyyəndir. Üstəlik, Dambrauskasın digər ölkələrin klublarında da çempionluğu olsa da, ÇL-də hər hansı ciddi nəticəsi olmayıb. Nəzərə alaq ki, Ağdam klubu ÇL-də son çıxışı ilə tarix yazıb, Avropanın nəhəng klubları ilə döyüşüb. Bu baxımdan da “Sabah” və onun baş məşqçisi üçün ilk sınaq çətin olacaq.
“Zirə”yə qənim kəsilən adam
Maraqlıdır ki, Valdas Dambrauskas vaxtilə Azərbaycan təmsilçilərindən “Zirə”yə rəqib olub. Belə ki, 2024-cü ilin yayında onun çalışdırdığı Kiprin “Omoniya” komandası Konfrans Liqasının pley-off mərhələsində Bakının “Zirə” klubu ilə qarşılaşıb və turu adlayan tərəf olub. Bu dəfə isə “Sabah”ın baş məşqçisi kimi Azərbaycan kubokunun finalında Rəşad Sadıqovun “Zirə”sini məğlub edərək rəqibin avrokubok şanslarını riskə atdı. Bu, təbii ki, təsadüfdür. Amma Dambrauskas faktiki iki dəfə “Zirə”yə ciddi zərbə vura bilib. Bununla belə, idman yazarlarına görə yaxşı ki, ara-sıra ölkəmizə belə səviyyəli əcnəbi legioner məşqçilər də gətirilir. Və gətirilirsə, elə məşqçili-futbolçulu məhz belələri gətirilməlidir, daha qabiliyyətsiz yığını deyil...
Elə bu baxımdan, Kurban Berdiyevi də qeyd etmək olar. O da əcnəbi baş məşqçi kimi “Turan Tovuz”u 32 il sonra avrokuboklara çıxardı. Elə ukraynalı Yuri Vernidub da “Neftçi”ni Konfrans Liqasına çıxardı. Yəni builki Azərbaycan Premyer Liqasında ilk dördlüyü tutan klublardan üçünün baş məşqçisi əcnəbidir. Ancaq onların heç biri azərbaycanlı Qurbanın uğurlarını nəinki təkrarlamayıblar, heç ona yaxınlaşmayıblar da. Bununla belə, indi gözlər “Sabah”da və Dambrauskasda olacaq. Elə onun həmyerlisi, “Sabah”ın basketbol üzrə baş məşqçisi Kurtinaytisin də bu il az məsuliyyəti yoxdur. Görünür, Azərbaycanda 2025-2026 litvalıların mövsümü imiş.
54 kitab oxuyub - bu adamdan qorxmağa dəyər!
O ki qaldı Dambrauskas, idman yazarları qeyd edirlər ki, il ərzində 21285 səhifəlik 54 kitab oxuyub, hər günə ortalama 58 səhifə düşür. Onun oxuduğu kitablardan ən naziyi 176, ən qalını isə 856 səhifəlikdir. Özü də mütəxəssisin maraq dairəsi genişdir. Onun oxuduğu kitablar üç qrupa ayrılır: bədii, elmi-populyar və idman ədəbiyyatı. 54 kitabın hər birinin adını çəkməyə ehtiyac görmürük. Ancaq idman mövzusunda kitablardan bəziləri çox maraqlıdır. Dambrauskas futbol adamlarından Karlo Ançelotti, Sven-Yoran Eriksson və Qaret Sautqeytin avtobioqrafik kitablarını da oxuyub. Daha bunların hansınasa oxşamaq istəyib-istəmədiyini bilmirik. Onun həyatını izlədiyi, öyrəndiyi idman adamları sırasında Emma Heyz, Skotti Pippen, Xabi Alonso, Patrik Muratoğlu və Polqar bacıları da var. “Sabah”ın baş məşqçisi bu qədər işin arasında 54 kitab oxumağa da imkan tapıbsa, gerçəkdən bu adamdan qorxmağa dəyər!
Ancaq onun yaxşı işi ilə yanaşı həm də Azərbaycanın bölgələrini tanımağa həvəsli olması müsbət emosiyalar yaradır. Bir müddət əvvəl onun ailə üzvləri ilə birgə Qusara və Qubaya - Xınalığa getməsi qiymətləndirilməli olan məqamdır. Amma “Qarabağ”a qalib gələn litvalı baş məşqçi bir gün işğalçı ermənini məğlub etdiyimiz Qarabağa - Şuşaya da getsin...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”