Azərbaycan bütün dünyaya göstərir ki, dağıntıların yerində ən yüksək beynəlxalq standartlara cavab verən müasir məkanları necə yaratmaq mümkündür.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində MDB Parlamentlərarası Assambleyasında bildirib.
Onun sözlərinə görə, uzun illər davam edən dağıntılardan sonra dağ yaşayış məntəqələrinin dirçəlişi təkcə iqtisadi deyil, həm də mühüm humanitar əhəmiyyət kəsb edir: "Azərbaycan bu gün müasir, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş irimiqyaslı dövlət siyasəti həyata keçirir. Bu strategiyada azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur".
O həmçinin vurğulayıb ki, dağlıq regionların inkişafı sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaxşılaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına, ekoloji turizmin inkişafına, təbii və mədəni irsin qorunmasına yönəlmiş müxtəlif proqramlar həyata keçirir.