AZ

Mərkəzi Asiya torpaq dəyərinin artımından gəlir əldə etməyi öyrənməlidir - Dünya Bankı

Mərkəzi Asiya ölkələri şəhər inkişafı nəticəsində yaranan torpaq və əmlak dəyəri artımından gəlir əldə etmək mexanizmlərini inkişaf etdirməlidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Özbəkistan üzrə nümayəndəsi Məhəmməd Nader Dünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üzrə dərslər" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, şəhər inkişafının maliyyələşdirilməsi bir çox ölkələr üçün əsas problemlərdən biri olaraq qalır.

"Çox vaxt yaxşı planlarımız olur, amma onları necə maliyyələşdirəcəyimizi bilmirik. Buna görə də inkişafın maliyyələşdirilməsi üçün innovativ üsullar axtarılır", - deyə o qeyd edib.

Məhəmməd Nader bildirib ki, özəl sektor artıq şəhər inkişafı prosesində daha mühüm rol oynamağa başlayır.

"Özəl sektorun öz maraqları və gündəliyi var. Buna görə də dövlət hansı sahələrdə özəl sektorun iştirak edə biləcəyini, hansı istiqamətlərdə isə dövlət müdaxiləsinin vacib olduğunu aydın müəyyən etməlidir", - deyə o vurğulayıb.

Dünya Bankının nümayəndəsi qeyd edib ki, Latın Amerikası ölkələrinin təcrübəsi Mərkəzi Asiya üçün faydalı ola bilər.

"Kolumbiya, Braziliya və digər Latın Amerikası ölkələrində torpaq dəyərinin artımından gəlir əldə olunması üçün müxtəlif alətlər tətbiq edilir. Hava hüquqları, əlavə dəyər ödənişləri və inkişaf etdirici ödənişləri buna nümunədir", - deyə o bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyada bu mexanizmlər hələ geniş yayılmayıb.

"Dövlət və yerli hökumətlər şəhər inkişafı nəticəsində yaranan torpaq və əmlak dəyəri artımından necə gəlir əldə edə biləcəklərini düşünməlidirlər. Həmin vəsait yenidən şəhərlərin inkişafına yönəldilə bilər", - deyə Məhəmməd Nader əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Seçilən
5
day.az

1Mənbələr