AZ

Vüqar Kərimov: Davamlı şəhər inkişafı yalnız ekoloji cəhətdən təhlükəsiz və səmərəli tullantı idarəetmə sistemi ilə mümkündür

Bakı, 20 may, AZƏRTAC

Müasir dövrdə urbanizasiya dünya üzrə ən sürətli sosial-iqtisadi proseslərdən biri hesab olunur. Şəhər əhalisinin artması, sənayeləşmənin genişlənməsi, gündəlik istehlak səviyyəsinin yüksəlməsi tullantıların həcminin və müxtəlifliyinin artmasına ciddi təsir göstərir, xüsusilə birdəfəlik məhsulların və qablaşdırılmış malların geniş istifadəsi tullantı problemini daha da dərinləşdirir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusundakı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, urbanizasiya nəticəsində yaranan əsas problemlərdən biri plastik tullantıların düzgün idarə olunmamasıdır. Şəhərlərdə tullantıların həcmi artdıqca mövcud infrastruktur bir çox halda kifayət etmir. Nəticədə plastik tullantılar poliqonlarda toplanır, çay və dənizlərə qarışır, torpağı və suyu çirkləndirir, canlı aləmə zərər verir. “Bu səbəbdən qeyd etməliyik ki, davamlı və ekoloji təhlükəsiz şəhərlərin formalaşdırılması plastik tullantıların effektiv idarə olunmasından birbaşa asılıdır. Bu problemin həlli üçün “smart tullantı idarəetməsi”, dövri iqtisadiyyatın təşviqi, yaşıl şəhər konsepsiyasının gücləndirilməsi vacibdir. Davamlı şəhər inkişafı yalnız ekoloji cəhətdən təhlükəsiz və səmərəli tullantı idarəetmə sistemi ilə mümkündür”, - deyə o əlavə edib.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - Nicat Haşimov
Videooperator - Şövqi Əzizov
Seçilən
27
2
azertag.az

3Mənbələr