AZ

"Bakı da daxil olmaqla şəhərlərin iqlimə davamlı olması vacibdir" -

“Bu, həqiqətən də möhtəşəm forumdur. Buradakı spikerlər və iştirakçılar qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası, mənzil böhranının həlli kimi məsələlərdə hazırda ehtiyac duyduğumuz bilikləri gətirirlər”.Bunu WUF13 çərçivəsində keçirilən tədbirlərdə iştirak edən “UN-Habitat”ın tərəfdaş qurumlarla iş üzrə eksperti Aditya Kumar forumla bağlı təəssüratlarını bölüşərkən deyib. O qeyd edib ki, forum qlobal səviyyədə bu sahədə çalışan insanlarla görüşmək və fikir mübadiləsi aparmaq üçün unikal platformadır: “Bu, qlobal aktorlarla bir araya gəlmək və müzakirələr aparmaq üçün inanılmaz bir məkandır. Burada çıxış edən insanlar mənzil problemi və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı vacib bilik və təcrübələrini bölüşürlər. Bütövlükdə bu bizə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə görüşüb fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlar verdi”. Qonaq Bakı və Azərbaycan haqqında da müsbət fikirlər səsləndirib:“Ölkəniz çox gözəldir, şəhəriniz çox gözəldir. Plov çox dadlıdır, insanların münasibəti çox səmimidir. Burada küçələrdə təhlükəsiz şəkildə gəzmək mümkündür. Bu, həqiqətən möhtəşəm şəhərdir”. Bakıda ilk dəfə olduğunu bildirən iştirakçı WUF13-dən sonra şəhərlərdə iqlim dayanıqlılığı məsələlərinin daha da aktuallaşacağını vurğulayıb: “Bazar günü yağan yağışlardan gördük ki, iqlim problemlərinin həlli üçün yeni yanaşmalara ehtiyac var. Şəhərlərin iqlimə davamlı olması vacibdir və bu yalnız Bakıya aid deyil, bütün şəhərlər üçün aktualdır”. Onun sözlərinə görə, Bakı COP təcrübəsi və mənzil siyasəti sahəsində topladığı biliklərlə gələcəkdə daha dayanıqlı və təhlükəsiz urbanizasiya modeli yarada bilər: “Bakı keçmiş COP təcrübəsindən və mənzil sahəsindəki yanaşmalarından istifadə edərək daha dayanıqlı, uyğunlaşa bilən və təhlükəsiz şəhər mühiti üçün nümunəyə çevrilə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
30
2
metbuat.az

3Mənbələr