AZ

Bakı–Tbilisi qatarı qiyməti ucuzlaşdıracaq?

Son günlər Bakı–Gürcüstan dəmir yolu xəttinin mayın 26-da açılacağı ilə bağlı məlumat turizm sektorunda qiymətlərin dəyişə biləcəyi ehtimalını gündəmə gətirib. 

Xüsusilə yay mövsümünə yaxın vaxtlarda bu marşrutun bərpası həm səyahət imkanlarını artırmaq, həm də bölgələrə axını gücləndirmək baxımından diqqət çəkir. Qatarın yenidən istifadəyə verilməsi Gürcüstana və ölkə daxilində bəzi turizm bölgələrinə getməyi daha rahat və nisbətən ucuz edə bilər. 

Bu da hotel və istirahət mərkəzləri arasında rəqabəti artıraraq bəzi yerlərdə qiymətlərin stabilləşməsinə və ya ucuzlaşmasına təsir göstərə bilər. Digər tərəfdən, turist sayının artması xüsusilə populyar istirahət zonalarında qiymətlərin yenidən yüksəlməsi riskini də yaradır. 

Yəni təsir birbaşa ucuzlaşma ilə məhdudlaşmaya bilər, bazarda həm ucuzlaşma, həm də bahalaşma paralel şəkildə müşahidə olunması mümkündür. Maraqlıdır ki, Bakı–Gürcüstan dəmir yolu xəttinin açılması bölgələrdə hotel və istirahət mərkəzlərinin qiymətlərinin ucuzlaşmasına necə təsir edəcək? 

“Skal Baku Turizm” peşəkarları təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, iki ölkə arasında razılaşmaya əsasən Bakı–Gürcüstan sərnişin qatarının açılması iki ölkə arasında turist gəliş-gedişinə müsbət təsir göstərəcək:

"Bu, həm də Azərbaycandan xaricə gedən vətəndaşlarımızın sayının artmasına səbəb olacaq. 2019-cu ildə 1.600.000-ə yaxın azərbaycanlı Gürcüstana gedirdi. Amma ora gedənlər təkcə turist kimi yox, eyni zamanda tranzit ölkə kimi başqa ölkələrə də gedirdi. 

Bu, həm də o deməkdir ki, Azərbaycandan xarici ölkələrə gedənlərin sayına çox təsir edə bilər. Eyni zamanda, Gürcüstan üzərindən həm həm bu ölkənin, həm də digər ölkələrin vətəndaşları Azərbaycana gəlirdilər ki, bunun da ümumi turizm dinamikasına müsbət təsir göstərməsi ehtimalı çoxdur. 

Əlbəttə ki, bu iki ölkə arasında nəqliyyatın açılması ölkə vətəndaşlarının bir qismini həm daxili turizmdən, həm də digər xarici turizm istiqamətlərindən Gürcüstan istiqamətinə yönəldə bilər. Bu, daxili turizmə tələbatın kəskin artmasının qarşısını ala bilər”. 

Ekspert qeyd edir ki, son dövrlər xaricdən Azərbaycana gələn turistlərin sayı da o qədər çox deyil: 

“Bu baxımdan, Türkiyə və Gürcüstan prioritet istiqamətlərə çevrilə bilər və bu da daxili turizmdə qiymətlərin müəyyən qədər ucuzlaşmasına səbəb olar. Bu halın qiymətlərə ciddi təsiri olmasa da, cüzi təsir müşahidə oluna bilər”. 

Seçilən
21
cebheinfo.az

1Mənbələr