Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində aparılan müzakirələr gələcək şəhərsalma siyasəti baxımından mühüm əhəmiyyət daşıyır.
Hafta.az xəbər verir ki, bunu Qərbi Asiya Yerli Hökumətlər Təşkilatının (MEWA) baş katibi Mehmet Duman WUF13 çərçivəsində açıqlamasında bildirib:

“Bu tədbirin nəticələrinin dərhal hiss olunacağını gözləmək düzgün olmazdı. Burada əldə edilən bilik və təcrübə zamanla ölkələrin inkişafına töhfə verəcək. WUF13 müxtəlif ölkələrin mənzil və urbanizasiya problemlərinin həlli istiqamətində təcrübə mübadiləsi üçün mühüm platformadır. Mühəndislər, memarlar və idarəçilər burada dünyanın müxtəlif şəhərlərində mənzil probleminin necə həll edildiyini öyrənirlər. Bu, böyük bilik və təcrübə mənbəyidir”.
O, həmçinin diqqətə çatdırıb ki, hazırda dünya üzrə əsas problemlərdən biri mənzil çatışmazlığı və iqlim dəyişiklikləridir:
“Mənzil insan üçün lüks deyil, əsas hüquqdur. Dövlətlər bu hüququ təmin etmək üçün addımlar atmalı və düzgün şəhərsalma siyasəti həyata keçirməlidir”.