AZ

Ukraynada DƏHŞƏT: Rus raketində ölümcül radiasiya aşkarlandı

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatçıları və müstəntiqləri rusların modernləşdirilmiş "Geran-2" zərbə dronuna quraşdırdıqları Rusiya raketinin qalıqlarında yüksək səviyyəli radiasiya qeydə alıblar.

Musavat.com xəbər verir ki, UTX-nin mətbuat xidmətinin məlumatına görə, Rusiya pilotsuz uçuş aparatı aprelin 7-nə keçən gecə Çerniqov vilayətinə hücum edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları "hava-hava" tipli "R-60" raketinin fraqmentlərini Kamka qəsəbəsi yaxınlığında aşkar ediblər.

Müəyyən edilib ki, Rusiya qoşunları bu cür silahlardan kütləvi hücumlar zamanı düşmən PUA-larını zərərsizləşdirməyə cəlb olunan Ukrayna təyyarə və helikopterlərini vurmaq üçün istifadə edir.

Ekspertlər raket daşıyan dronun qalıqlarının bilavasitə yaxınlığında radiasiya kəşfiyyatı apararkən qamma şüalanmasının səviyyəsini 12 mkZv/saat olaraq qeydə alıblar. Bu göstərici təbii radiasiya fonunu əhəmiyyətli dərəcədə üstələyir və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

UTX mütəxəssisləri Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin və Müdafiə Qüvvələrinin bölmələri ilə birlikdə raketin döyüş başlığını təhlükəsiz vəziyyətə gətiriblər, daha sonra isə onu radioaktiv tullantıların saxlanma yerinə nəql ediblər. Laboratoriya araşdırmalarının nəticələrinə görə, döyüş başlığının tərkibində Uran-235 və Uran-238 kimi identifikasiya edilən, zəiflədilmiş urandan hazırlanmış zərbə elementlərinin olduğu məlum olub.

Faktla bağlı Təhlükəsizlik Xidmətinin müstəntiqləri Ukrayna Cinayət Məcəlləsinin müharibə cinayətlərinə görə məsuliyyəti nəzərdə tutan 438-ci maddəsi ilə qaldırılmış cinayət işi üzrə ibtidai istintaq aparırlar. İş üzrə prosessual rəhbərliyi Çerniqov Vilayət Prokurorluğu həyata keçirir.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr