Azərbaycanlı zəvvarların müqəddəs torpaqlara səfəri davam edir. Artıq zəvvarların növbəti qrupu Məkkə şəhərinə çatıb və ümrə ziyarətini yerinə yetirib. Azərbaycandan gedən sonuncu zəvvar qrupu isə sabah – mayın 21-də yola düşəcək.
Bu barədə Pravda.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, gələn zəvvarlar Məkkədə ümrə ziyarətini yerinə yetirir və sərbəst şəkildə ibadətlərlə məşğuldurlar:
“Zəvvarlar Məkkədə iki ayrı oteldə yerləşdirilib. Sağlamlıqları yerindədir, problem yoxdur. Bütün zəvvar qrupları gəldikdən sonra böyük Həcc ziyarəti mayın 24-dən etibarən başlayacaq”.
O bildirib ki, Həcc mərasimləri ardıcıllıqla Məkkə, Mina, Ərəfat və Müzdəlifə mərhələlərini əhatə edəcək.
Daha sonra zəvvarlar Minaya qayıdaraq əsas ibadətləri yerinə yetirəcək və sonda Məkkədə vida təvafı ilə ziyarət başa çatacaq.
Qeyd edək ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketi 6100 ABŞ dolları müəyyən edilib. Azərbaycan üçün 1150 nəfərlik kvota ayrılıb.