“Bakı–Tbilisi sərnişin qatarlarının fəaliyyətinin bərpası regionda nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm addımdır. Bu qərar Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əlaqələrin daha da güclənməsinə, turizm və biznes mühitinin canlanmasına xidmət edəcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
R.Nurullayev qeyd edib ki, konkret bir istiqamət üzrə dəmir yolu daşımalarının bərpası avtomatik olaraq quru sərhədlərin tam şəkildə açılması anlamına gəlmir: “Bu, daha çox mərhələli yanaşmanın tərkib hissəsi kimi görünür. Quru sərhədlərin ümumi açılması məsələsi isə təhlükəsizlik amilləri və dövlətin qəbul etdiyi strateji qərarlar çərçivəsində ayrıca nəzərdən keçirilir. Atılan bu addım gələcəkdə daha geniş açılımların baş verməsi üçün müsbət siqnal kimi dəyərləndirilə bilər, lakin hazırkı mərhələdə bunu tam sərhəd açılması kimi təqdim etmək doğru olmaz. Eyni zamanda, quru sərhədlərin açılması artıq həm iqtisadi, həm sosial baxımdan zəruri xarakter daşıyır. Bu, regionlarda iqtisadi fəallığın artmasına, sərhədyanı ticarətin genişlənməsinə, vətəndaşların sərbəst hərəkət imkanlarının bərpasına və ölkənin ümumi logistika potensialının daha effektiv istifadəsinə töhfə verərdi. Xüsusilə turizm sektorunun inkişafı və sahibkarlığın stimullaşdırılması baxımından bu addımın atılması mühüm əhəmiyyət kəsb edir”.
Xatırlatma: Bakı-Tbilisi sərnişin qatarlarının fəaliyyəti mayın 26-dan bərpa olunur.
Şəhanə Quliyeva