AZ

Vətəndaş cəmiyyəti: qlobal tərəfdaşlıq və qərarvermə

Forum çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda müzakirə də keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan iclasda vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması və davamlı şəhər inkişafında rolu müzakirəyə çıxarılıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın milli şəhərsalma forumunda iştirakından məmnunluğunu ifadə edib. O, Azərbaycanın yenidənqurma prosesində icmaların və müxtəlif tərəflərin fəal şəkildə cəlb olunduğunu görməkdən məmnun olduğunu bildirib. A.Rossbax əlavə edib ki, QHT-lərin iştirakı olmadan qlobal mənzil böhranının həlli mümkün deyil.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində yaradılan Qlobal Cənub QHT Platformasının artıq uğurlu beynəlxalq təşəbbüsə çevrilməkdə olduğunu bildirib.

“Bu il həmin platformanın Baş Assambleyası təsis olunub və mən bu təşəbbüsün gələcəyinə böyük ümidlə baxıram. Şəhərlərlə bağlı çağırışlar – sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri artıq bütün dövlətlərin gündəmindədir. Azərbaycan da iqlim dəyişikliklərinin təsirlərini hiss edir”, – deyə o bildirib.

Azərbaycanın qədim şəhərsalma ənənələrinə malik olduğunu vurğulayan H.Hacıyev qeyd edib ki, qədim Qəbələ kimi şəhərlər tarix boyu ticarət, elm, əməkdaşlıq və mədəniyyət mərkəzləri olub.

“Bu gün isə əsas çağırışlardan biri müasir şəhərlərin inkişafı ilə yanaşı, mədəni irsin qorunmasıdır”, – deyə o əlavə edib.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafı istiqamətində qlobal çağırışların həlli üçün vətəndaş cəmiyyəti institutlarının iştirakı və çoxtərəfli tərəfdaşlıqlar mühüm əhəmiyyət daşıyır.

Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Maimuna Mohd Şərif bildirib ki, QHT-lər yalnız qlobal forumların iştirakçısı deyil, həm də insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir.

“Vətəndaş cəmiyyəti təşkilatları hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və yerli icmalar arasında mühüm körpü rolunu oynayır. Yalnız dövlət və özəl sektor deyil, insanlar da bu tərəfdaşlığın əsas hissəsi olmalıdırlar”, – deyə o vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi İdarə Heyətinin sədri Aygün Əliyeva son illərdə Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının formalaşdığı məkana çevrildiyini bildirib.

BMT-nin Məskunlaşma Proqramı İdarə Heyətinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr Şöbəsinin rəhbəri Kristian Mensah bildirib ki, WUF tarixində ilk dəfə dünyanın müxtəlif ölkələrindən QHT-lər vahid platformada bir araya gələrək xüsusi məkan əldə ediblər.

Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu Məsləhət Şurasının sədri Luis Qalyeqos qeyd edib ki, şəhərlər qadınlar, kişilər və uşaqlar üçün uyğun şəkildə qurulmalıdır.

XQ

Seçilən
60
44
xalqqazeti.az

10Mənbələr