AZ

Azərbaycanın qədim irsi və dayanıqlı gələcək vizyonu ŞƏRH

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən World Urban Forum 13 (WUF13) – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuşdur. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və məzmunlu çıxış edərək ölkəmizin şəhərsalma, memarlıq, ekologiya və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr barədə mühüm mesajlar verdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, WUF13 Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirlərdən biridir. Dövlət başçısının sözlərinə görə, forumda 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçmişdir və bu göstərici WUF tarixində rekord nəticələrdən biri hesab olunur. Prezident bildirdi: “Bu forum Azərbaycanda COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir.”

Forum çərçivəsində dövlət və hökumət başçıları, nazirlər, merlər, memarlar, alimlər, iş adamları və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək urbanizasiya, iqlim dəyişiklikləri və təhlükəsiz şəhər modelləri ətrafında fikir mübadiləsi aparmışlar. Statistik məlumatlara əsasən, tədbirdə iştirak edənlərin 56 faizi qadınlardan ibarət olmuş, 260-dan çox beynəlxalq təşkilat və qurum Urban Expo sərgisində təmsil olunmuşdur.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərsalma və memarlıq ənənələrinin bu gün də ölkənin inkişaf strategiyasında mühüm yer tutduğunu xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın qədim şəhərləri – Bakı, Şuşa, Gəncə, Naxçıvan və digər tarixi məkanlar əsrlər boyu Şərq memarlığının mühüm nümunələri olmuşdur. İçərişəhər kompleksi, Şirvanşahlar Sarayı, Möminə Xatun türbəsi, Qarabağın qədim yaşayış məskənləri və Şuşanın memarlıq irsi xalqımızın zəngin tarixinin canlı göstəricisidir.

Bu qədim irs müasir şəhərsalma layihələrində də öz əksini tapır. Prezident çıxışında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunaraq bildirdi ki, həmin ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş Milli Şəhərsalma Forumlarının beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verdiyi vurğulandı.

Cənab Prezident ekoloji təhlükəsizlik və ətraf mühitin qorunması məsələlərinə də xüsusi diqqət ayırdı. Azərbaycan son illərdə yaşıl enerji strategiyasını prioritet istiqamət elan etmişdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “Yaşıl enerji zonası”na çevrilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Günəş və külək enerjisi sahəsində xarici investorlarla əməkdaşlıq genişləndirilir, alternativ enerji mənbələrinin payının artırılması qarşıya əsas məqsəd kimi qoyulur.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, gələcəkdə şəhərlərin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də ekoloji davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Bu istiqamətdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, ekoloji təmiz ictimai nəqliyyat vasitələrinin tətbiqi, yaşıllıq zonalarının artırılması və su ehtiyatlarının səmərəli idarə olunması mühüm prioritetlər sırasındadır.

WUF13 forumu Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunu daha da gücləndirdi. Tədbir bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, qlobal şəhərsalma və dayanıqlı inkişaf proseslərinin fəal iştirakçılarından biridir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin qədim tarixə söykənən müasir inkişaf modelini, memarlıq irsini və gələcəyə hesablanmış ekoloji siyasətini dünya ictimaiyyətinə təqdim edən mühüm siyasi mesaj kimi yadda qaldı.

Bu forum Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq, innovativ və dayanıqlı inkişafı prioritet hesab edən dövlət olduğunu bir daha sübut etdi. WUF13 çərçivəsində səsləndirilən fikirlər gələcəkdə şəhərsalma, memarlıq və ətraf mühit sahəsində yeni layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sesqazeti.az

1Mənbələr