AZ

Bakı-Moskva xəttində intensiv müzakirələr

Gürcü politoloqa görə, iki ölkə münasibətləri münasibətlər praqmatizm rejiminə keçirilir

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin son zamanlar zəiflədiyini və indi gücləndirilməli olduğunu bildirib. Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlıq mümkün deyil.

“Təəssüf ki, son zamanlar məhz bu sahə zəifləyib və indi onları gücləndirməyin vaxtıdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzini bərpa edəcəyik”, - deyə Kaluqin qeyd edib.

Məlum olduğu kimi, 2025-ci ilin fevralında Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (“Rus Evi”) fəaliyyəti dayandırılıb və binası boşaldılıb.

Son aylar iki ölkə hökumətləri arasında işgüzar münasibətlər artıb. Mart ayında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanlı həmkarı Şahin Mustafayevlə iki ölkə arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksini müzakirə ediblər. Ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Aprelin 16-da Zəngilan şəhərində iki ölkə  arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının  iclası olub. Ötən həftə isə Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş nazir müavinləri yenidən görüşüblər.

Göründüyü kimi, Bakı və Moskva intensiv müzakirələr aparır və hər iki tərəf qarşılıqlı münasibətlərdən məmnundur. O səbəbdən Rusiya XİN-in rəsmisi xüsusilə “Rus Evi” məsələsini  birdəfəlik bağlamaq istəmir və nəyəsə ümid edir. Bakı-Moskva münasibətlərində ortaq məxrəc tapılıb və  məlum soyuqluq aradan qaldırılıb. İndi Moskva və Bakı iqtisadi əlaqələr fonunda bu kimi mədəni əlaqələrə zamanı çatanda yenidən baxa bilər.

Aydın

Aydın Mirzəzadə 

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Rusiya arasında onsuz da tarixən yaxşı humanitar-mədəni əlaqələr olub: “Azərbaycanda üç yüzə qədər orta məktəb tam rusdillidir və yaxud da rus bölməsi var. Azərbaycan əhalisinin əhəmiyyətli hissəsi rus dilini bilir, Rus Dram Teatrı fəaliyyət göstərir. Kitab mağazalarımızda rus dilində kitablar satılır. Rusiya universitetlərində əhəmiyyətli dərəcədə azərbaycanlı gənclər təhsil alırlar. O başqa məsələ ki, Rusiya yəqin Azərbaycanla bu sahədə olan əlaqələrin daha da genişlənməsini istəyir. Bu, normal bir istəkdir. Qonşu ölkələr arasında əlaqələr dərin və hərtərəfli olarsa, bu, əlbəttə ki, mehriban qonşuluğu daha da möhkəmləndirir. Bir ölkənin digər ölkədə mədəniyyət mərkəzinin olması dünya təcrübəsində olan məsələdir. Azərbaycan həmişə bu istəkdə olanlara müsbət cavab verib. Sadəcə olaraq, bu mərkəzlər Azərbaycan qanunvericliyinə uyğun olaraq qeydiyyata alınmalı və yenə də qanunlarımıza uyğun olaraq hərəkət etməlidirlər”.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb. Onun sözlərinə görə, burada əsas məqamı anlamaq vacibdir: Bakı ilə Moskva dostluqda deyil, münasibətlərin  idarəolunan formada qalmasında maraqlıdır: “Rusiyaya Azərbaycanla münasibətlərin tam qırılması lazım deyil, çünki Azərbaycan logistika, Cənubi Qafqaz, Türkiyə və İranla münasibətlər baxımından vacibdir. Azərbaycana da Rusiya ilə nəzarətsiz münaqişə lazım deyil, çünki Rusiya təhlükəsizlik, miqrasiya, ticarət və regional təzyiq amili olaraq qalır. Amma bunlar artıq etimada deyil, hesablanmış maraqlara əsaslanan münasibətlərdir.

Buna görə də zahirdə ziddiyyətli mənzərə görürük: haradasa təmaslar davam edir, haradasa normallaşma ilə bağlı bəyanatlar verilir, haradasa iqtisadi və diplomatik kanallar işləyir, paralel olaraq isə cinayət işləri, sərt açıqlamalar, informasiya hücumları və güc nümayişi ortaya çıxır. Bu təsadüf deyil, münasibətlərin yeni reallığıdır. Əsas nəticə budur: Bakı ilə Moskva arasındakı münasibətlər əvvəlki formada bərpa olunmur. Onlar soyuq praqmatizm rejiminə keçirilir. Tərəflər özlərinə sərf edən yerdə razılığa gələcək, lazım bildikləri yerdə isə bir-birilərinə təzyiq göstərəcəklər. Buna görə də ziddiyyətlər qalmaqda davam edəcək. Bu, artıq əvvəlki illərin müttəfiqlik ritorikası deyil, münaqişənin qiymətini anlayan, amma artıq aralarında hər şeyin əvvəlki kimi olduğunu göstərməyə hazır olmayan iki oyunçunun münasibətləridir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
49
musavat.com

1Mənbələr