"Alibaba Group" çərşənbə günü açıqlayıb ki, yeni süni intellekt çipi əvvəlki versiya ilə müqayisədə üç dəfə daha güclüdür. Bu təqdimat rəqib Nvidia şirkətinin qabaqcıl çiplərini Çinə çatdırmaqda çətinlik çəkdiyi bir vaxta təsadüf edir.
Şirkətin məlumatına görə, Zhenwu M890 çipi mövcud Zhenwu 810E modeli ilə müqayisədə üç dəfə yüksək performans təqdim edir. Yeni prosessor 144 GB GPU yaddaşı və saniyədə 800 GB səviyyəsində çiplərarası ötürmə sürətinə malikdir.
Alibaba Group həmçinin bildirib ki, artıq 20 müxtəlif sənaye sahəsindən 400-dən çox müştəriyə ümumilikdə 560 min Zhenwu çipi çatdırılıb.
Elektron ticarət nəhəngi eyni zamanda növbəti nəsil böyük dil modeli olan Qwen3.7-Max modelinin də yaxın vaxtlarda təqdim ediləcəyini açıqlayıb.
Bu ilin aprel ayının əvvəlində Alibaba Group və China Telecom Çinin cənubunda elektron ticarət şirkətinin öz çipləri ilə işləyən yeni məlumat mərkəzi istifadəyə verəcəklərini bildirmişdilər. Bu addım ölkənin yerli süni intellekt infrastrukturu quruculuğuna diqqətini artırdığı bir dövrə təsadüf edir.