Azərbaycanda təhsilin ənənəvi forması ilə müqayisədə distant forması zəif inkişaf edib. Lakin günümüzdə bir çox ölkələrdə distant və hibrid təhsil formasının tətbiqi geniş yayılıb. Bu həm vaxt, həm maddi, həm də rahatlıq baxımından tələbələr üçün sərfəlidir. Ölkəmizdə də bəzi tələbələrin təhsillə bağlı istəklərindən biri könüllülük əsasında distant təhsilinin təşkilidir.
Maraqlıdır, Azərbaycan təhsil sistemində buna imkan varmı?
Bizim.Media-ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, bu sistemə keçid üçün ilk növbədə universitet onlayn təhsilə hazır olmalıdır:
“Distant təhsil fövqəladə hallarda təhsilin davamlılığını təmin edir, həyatboyu öyrənmə modelini inkişaf etdirir. Tələbənin onlayn təhsilə keçməsi üçün universitetin özü onlayn təhsilə hazır olmalıdır. Hələlik heç bir universitetimiz onlayn təhsilə hazır deyil. Nisbətən, UNEC-də bu proses aparılır.
Normal distant təhsilin olması üçün Elm və Təhsil Nazirliyi zəruri normativ sənədlər hazırlamalıdır. Universiteti akkreditasiya etdikdə ona icazə verməlidir ki, distant formada təhsil təşkil etsin. Bunların isə heç biri normativ olaraq bizdə yoxdur. Yəni, distant təhsilə nə ETN, nə universitetlər, nə də tələbələrimiz hazırdır. 25 ilin ərzində nazirlik bütün bu işləri görə bilərdi, digər ölkələr kimi… Təəssüf ki, bu vaxt boşuna itirilib”.
Ekspert qeyd edib ki, əslində pandemiya dövründə də distant təhsilin təşkili çoxsaylı problemlərlə müşayiət edilmişdi:
“Ona görə də cəmiyyətdə distant təhsilə münasibət çox da yaxşı deyil. Amma beynəlxalq təcrübədə bu təhsil texnologiyası çox populyardı”.
Naibə Məmmədova, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta