AZ

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın qədim şəhərsalma ənənələrinin və müasir urbanizasiya siyasətinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, memarların və şəhərsalma üzrə ekspertlərin iştirak etdiyi forum şəhərlərin dayanıqlı inkişafı, tarixi irsin qorunması və müasir texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsinə geniş imkan yaradır. 

Forum çərçivəsində səsləndirilən fikirlər bir daha təsdiq edir ki, müasir şəhərlərin inkişafı yalnız yeni binaların inşası ilə deyil, həm də tarixi-mədəni irsin qorunması ilə ölçülür. Azərbaycan da bu istiqamətdə özünəməxsus inkişaf modeli formalaşdırıb. Bir tərəfdən qədim abidələr, tarixi küçələr və milli memarlıq nümunələri qorunur, digər tərəfdən innovativ layihələr və müasir infrastruktur qurulur. Bu baxımdan WUF13 Azərbaycanın keçmişlə gələcəyi birləşdirən inkişaf strategiyasını beynəlxalq ictimaiyyətə nümayiş etdirən mühüm platformadır.

Azərbaycan xalqı qədim dövrlərdən etibarən şəhərsalma ənənələrinə malik olmuş, yaşadığı məkanları həm də mədəniyyət və ticarət mərkəzinə çevirmişdir. Qədim tarixə malik Gəncə Azərbaycan xalqının şəhərsalma mədəniyyətinin nümunələrindəndir. Tarix boyunca sənətkarlıq, elm və ədəbiyyat mərkəzi kimi tanınan bu şəhər özünün abad küçələri, karvansaraları və memarlıq abidələri ilə seçilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin burada yetişməsi Gəncənin qədim dövrlərdə yüksək mədəni mühitə malik olduğunu göstərir. Şəhərin yerləşdiyi əlverişli coğrafi mövqe onun həm iqtisadi, həm də siyasi əhəmiyyətini artırmışdır.

Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvan, Şamaxı və Qəbələ də xalqımızın yüksək şəhərsalma mədəniyyətini əks etdirir. Naxçıvan öz möhtəşəm türbələri və qədim yaşayış məskənləri ilə seçilir. Şamaxı əsrlər boyu Şirvanşahlar dövlətinin əsas mədəniyyət və ticarət mərkəzlərindən biri olmuşdur. Qəbələ isə qədim Qafqaz Albaniyasının paytaxtı kimi tarixdə mühüm yer tutur. Bu şəhərlərin hər biri Azərbaycan xalqının quruculuq bacarığını, zəngin mədəni irsini və sivilizasiya ənənələrini yaşadan qiymətli nümunələrdir.

Xəzər sahilində yerləşən Bakı isə əsrlər boyu Şərqlə Qərbi birləşdirən mühüm liman şəhəri kimi inkişaf edib. İçərişəhərin dar küçələri, qədim karvansaraları və müdafiə qalaları xalqımızın memarlıq düşüncəsinin zənginliyini nümayiş etdirir. Neft sənayesinin inkişafı ilə Bakı daha da böyüyərək Qafqazın ən iri şəhərlərindən birinə çevrilib. WUF13-ün açılış mərasimində çıxış edən  Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub: "Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır".

Azərbaycan şəhərləri yalnız memarlıq baxımından deyil, həm də elm, sənət və ticarətin inkişaf etdiyi mühüm mərkəzlər kimi tanınıb. Qədim karvan yollarının üzərində yerləşən bu şəhərlərdə bazarlar, mədrəsələr, hamamlar və sənətkarlıq emalatxanaları fəaliyyət göstərib. Şərq memarlığının incə xüsusiyyətlərini özündə birləşdirən tikililər xalqımızın estetik zövqünü və yüksək quruculuq ənənələrini nümayiş etdirib. Bu şəhərlərdə formalaşan mədəni mühit Azərbaycan xalqının zəngin mənəvi dünyasının inkişafına da böyük təsir göstərib.

Dövlətimizin başçısı çıxışında XIX əsrdə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş binalarımızdan da söhbət açdı. Bildirdi ki, XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda urbanizasiya prosesi sürətlənməyə başlayıb. Xüsusilə Bakıda neft sənayesinin inkişafı yeni yaşayış məhəllələrinin, sənaye müəssisələrinin və müasir infrastrukturun formalaşmasına səbəb olub. Bununla yanaşı, Gəncə, Şamaxı və digər şəhərlərdə də iqtisadi və mədəni canlanma müşahidə edilib. Avropa memarlıq üslubunun milli memarlıq ənənələri ilə vəhdəti şəhərlərimizin simasında bu gün də özünü göstərir. Azərbaycanın qədim şəhərləri müasirləşsə də, xalqımız tarixi irsin qorunmasına xüsusi diqqət yetirir. Bu siyasət müstəqillik dövründə daha geniş miqyas alaraq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Tarixi abidələrin bərpası, qədim küçə və məhəllələrin qorunması, eyni zamanda müasir yaşayış komplekslərinin və infrastruktur layihələrinin həyata keçirilməsi şəhərlərin həm tarixi ruhunu, həm də müasir görünüşünü qoruyub saxlayır. 

Bu gün Azərbaycanda həyata keçirilən quruculuq və abadlıq işləri keçmişə hörmətlə yanaşmağın və müasir inkişaf strategiyasının uğurlu vəhdəti kimi qiymətləndirilir. Beləliklə, xalqımız əsrlərlə formalaşdırdığı şəhəryaratma ənənələrini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir.

Hazırda Azərbaycanın qədim şəhərləri öz tarixi simasını qorumaqla yanaşı, müasir inkişaf mərhələsini yaşayır. Aparılan genişmiqyaslı abadlıq və bərpa işləri nəticəsində qədim abidələr mühafizə olunur, yeni yaşayış və mədəniyyət mərkəzləri salınır. Müasir Azərbaycan şəhərləri keçmişin zəngin irsi ilə bugünkü inkişafın vəhdətini özündə birləşdirir. Bu isə xalqımızın əsrlər boyu yaşatdığı şəhərsalma ənənələrinin davam etdiyini və gələcək nəsillərə ötürüldüyünü göstərir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr