AZ

Hoteldə qadın kişi müştərisinin 34 minlik “Rolex” markalı saatını oğurladı

Nərimanov Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Təranə Əmirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama əsasən, Təranə Əmirzadə Bakı şəhərində yerləşən hotellərdən birində tanışı ilə görüş zamanı sonuncuya məxsus yüksək dəyərli qol saatını gizli şəkildə ələ keçirərək zərərçəkmiş Mahir Məmmədova (adı, soyadı şərtidir) xeyli miqdarda maddi ziyan vurub.


İstintaq materiallarına görə, hadisə 2025-ci ildə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən “Monte Napoleone” hotelində baş verib.


Belə ki, təqsirləndirilən şəxs tanışı olan zərərçəkmiş Mahir Məmmədovla birlikdə hotelin otağında olarkən kişinin yatmış vəziyyətdə olmasından istifadə edib. Zərərçəkmiş şəxs həmin vaxt otaqda yerləşən dolabın üzərinə yüksək dəyərə malik “Rolex” markalı qol saatını qoyub. Təranə özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə hərəkət edərək zərərçəkmişə məxsus saatı götürüb və hadisə yerini tərk edib.


Cinayət işi materiallarında göstərilib ki, oğurlanan “Rolex” markalı qol saatının dəyəri Mahirin qiymətləndirməsinə əsasən hadisə gününün məzənnəsi ilə 20 000 ABŞ dolları, yəni təxminən 34 000 manat təşkil edib.


Təqsirləndirilən şəxsin həmin əməli nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.


Məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, hadisədən sonra qadın hoteli tərk edərək saatı sonradan satıb. İş materiallarında qeyd olunub ki, əldə edilən pul vəsaiti şəxsi ehtiyaclara sərf edilib.


Təranə Əmirzadə ifadəsində göstərib ki, Mahiri təxminən 4 ilə yaxındır tanıyıb və bu müddət ərzində pul müqabilində onunla müxtəlif hotellərdə görüşərək şəxsi münasibətlərdə olublar.


Onun sözlərinə görə, hadisədən əvvəlki gecə saat 03:30 radələrində Abşeron rayonu Xırdalan şəhərində rəfiqəsinin evində qonaq olarkən zərərçəkmiş şəxs ona zəng edib. Zəng zamanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən “Monte Napoleone” hotelində olduğunu bildirərək onu hotelə dəvət edib.


Təqsirləndirilən şəxs qeyd edib ki, dəvətdən sonra taksi ilə hotelə yollanıb və saat 04 radələrində oraya çatıb. Hotelin mühafizə xidmətinə Mahirin yanına gəldiyini bildirdikdən sonra ona otaq nömrəsi göstərilib və həmin otağa istiqamətləndirilib.


Təranə bildirib ki, təxminən üç saat sonra hamam otağına keçib, geri qayıtdıqda isə Mahir yatmış vəziyyətdə olub. O, geyinərək otaqdan çıxmağa hazırlaşarkən qonaq otağındakı dolabın üzərində “Rolex” markalı saatı görüb. Həmin vaxt pula ehtiyacı olduğundan saatı götürərək əlindəki sellofan torbanın içinə qoyub və “Uber” tətbiqi vasitəsilə taksi sifariş edib. Zərərçəkmiş şəxsin yatdığını nəzərə alaraq ona məlumat vermədən hoteldən ayrılıb.


Təqsirləndirilən şəxs deyib ki, taksi ilə hərəkətdə olarkən, Tibb Universitetinin yaxınlığına çatanda Mahir ona zəng edərək təcili hotelə qayıtmasını istəyib. O, problemin nə olduğunu soruşduqda qarşı tərəf yalnız hotelə qayıtmasını tələb edib. Hotelə geri döndükdən sonra zərərçəkmiş şəxs onun qarşısına çıxaraq əsəbi şəkildə saatı götürüb-götürmədiyini soruşub. Təqsirləndirilən şəxs isə saat barədə məlumatı olmadığını və onu götürmədiyini bildirib.

Bundan sonra Mahir əvvəlcə hotelin qarşısında, daha sonra isə otaqda onun üzərinə baxış keçirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt saat sellofan torbanın içərisində olsa da, Mahir onu aşkar edə bilməyib.

Təranə yenidən saatı götürmədiyini bildirdikdən sonra hoteldən ayrılaraq yaşadığı ünvana qayıdıb.
 

İfadəsində o, həmin gün saat 11 radələrində “Moskva” Ticarət Mərkəzinin yaxınlığında yerləşən və əvvəllər tanımadığı qızıl mağazasına getdiyini bildirib. Orada işləyən şəxsə saatı təqdim edərək onu bir neçə il əvvəl hədiyyə aldığını və satmaq istədiyini deyib. Mağaza əməkdaşı saatı yoxlayaraq zəncir hissəsində qızıl olduğunu bildirib və sənədləri tələb edib. Təqsirləndirilən şəxs sənədlərin olmadığını deyib.


Daha sonra mağaza əməkdaşı saatın zəncirində təxminən 6 qram qızıl olduğunu müəyyən edib və şəxsiyyət vəsiqəsini istəyib.


Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, şəxsiyyət vəsiqəsi yanında olmadığından telefonunda saxladığı və xarici görünüşcə ona bənzəyən rəfiqəsinin şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib. O bildirib ki, xarici görünüşlərinin oxşarlığı səbəbindən mağaza əməkdaşı bunu fərq etməyib.


Mağaza əməkdaşı saata görə ona 1100 manat təklif edib və qadın həmin məbləğ qarşılığında saatı satıb. O, sənədə imza atdığını, lakin sənədin məzmununu xatırlamadığını söyləyib.


Satışdan əldə etdiyi 1100 manat vəsaiti götürdükdən sonra Şirvan şəhərinə getdiyini qeyd edən Təranə bildirib ki, sonrakı müddətdə Mahir dəfələrlə ona zəng edərək saatı soruşsa da, o, hər dəfə saat barədə məlumatı olmadığını deyib.


O, ifadəsində oğurluq yolu ilə əldə etdiyi vəsaiti övladına dərman alınmasına, ev üçün ərzaq və digər şəxsi ehtiyacların ödənilməsinə xərclədiyini etiraf edib.


Təqsirləndirilən şəxs daha sonra Şirvan Şəhər Polis Şöbəsinə dəvət olunduğunu, oradan isə polis əməkdaşlarının müşayiəti ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparıldığını bildirib.


Onun sözlərinə görə, polis şöbəsində zərərçəkmiş şəxsə məxsus “Rolex” markalı saatı götürdüyünü etiraf edib və saatı satdığı mağazanın yerini hüquq-mühafizə orqanı əməkdaşlarına göstərib.
 

Kamal Məmmədov 

Tarix: 20 May 2026, 08:08   
Seçilən
31
pravda.az

1Mənbələr