AZ

Venesuela ABŞ-nin Kubaya qarşı sanksiyalarını sərtləşdirməsini pisləyib

BAKI, 20 may. TELEQRAF

Venesuelanın hakim Vahid Sosialist Partiyası ABŞ-ın Kubaya qarşı sanksiyaları sərtləşdirməsini kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti adanın suverenliyinin müdafiəsinə çağırıb.

Teleqraf xəbər verir ki, Partiyanın yaydığı bəyanatda qeyd olunub ki, ABŞ hökumətinin Kubaya qarşı tətbiq etdiyi yeni birtərəfli məcburedici tədbirlər, xüsusilə də 2026-cı il mayın 1-də imzalanan fərman iqtisadi, maliyyə və ticarət blokadasını görünməmiş səviyyəyə çatdırıb.

Venesuelanın Vahid Sosialist Partiyası bəyanatda yeni məhdudiyyətləri “cinayət xarakterli təcavüz” adlandıraraq bildirib ki, bu addımlar Kubaya qarşı 60 ildən artıq davam edən blokada dövründə analoqu olmayan təzyiq siyasətidir.

Sənəddə vurğulanıb ki, bu ilin yanvarın 29-da tətbiq olunan enerji blokadası da açıq təcavüz aktıdır.

Partiya dünya üzrə siyasi təşkilatlara, həmkarlar ittifaqlarına, tələbə federasiyalarına və ictimai birliklərə müraciət edərək Kubada humanitar böhran yaradılması cəhdlərinə qarşı vahid siyasi və diplomatik mövqe nümayiş etdirməyə çağırıb.

Hakim partiyanın rəhbərliyi, həmçinin Latın Amerikası və Karib hövzəsində siyasi sabitliyin qorunması üçün Kubanın suverenliyinin müdafiəsinin vacibliyini qeyd edib.

Seçilən
86
teleqraf.com

1Mənbələr