Bakı, 19 may, AZƏRTAC
WUF13 müxtəlif ölkələrin təcrübəsini öyrənmək və yeni əməkdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platformadır.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı WUF13-ün iştirakçısı, “Rooftops Canada” təşkilatının proqram meneceri və hüquqşünası Afemena Ozuga deyib.
Afemena Ozuga bildirib ki, forumun təşkilatçılığı və “Urban Expo” pavilyonları xüsusi diqqət çəkib.
“Burada müxtəlif ölkələrin mənzil siyasəti ilə tanış olmaq mümkündür. Məsələn, Yaponiya pavilyonunda yaşlı əhalinin dəstəklənməsi və mənzil böhranının həlli üçün tətbiq olunan “dual resident home” modeli ilə tanış oldum. Bu, həm sosial dəstəyi, həm də iqtisadi inkişafı gücləndirən maraqlı yanaşmadır”, - deyə Afemena Ozuga qeyd edib.
Afrmena Ozuga Kanadanın beynəlxalq tərəfdaşlıqlar vasitəsilə mənzil və torpaq hüquqları sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Onun sözlərinə görə, təşkilat Kanada hökuməti ilə birlikdə “Women’s Spaces Project” layihəsini həyata keçirir: “Layihə Angola, Keniya, Uqanda və Cənubi Afrikada qadınların mənzil və mülkiyyət hüquqlarının təmin olunmasına dəstək verir. Bir çox ölkədə qadınların mülkiyyət hüquqlarını qoruyan qanunlar mövcuddur. Problem həmin hüquqların tətbiqindədir. Biz icmalar, hökumətlər və beynəlxalq tərəfdaşlarla işləyərək bu boşluğu aradan qaldırmağa çalışırıq”.