ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Euronews” televiziyası Azərbaycanda və xüsusən də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa-quruculuq işlərini daim diqqətdə saxlayır. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyasının da “Euronews”-un diqqətindən yayınmayacağı şəksiz idi. WUF13-ün açılış mərasimindən sonra Prezident İlham Əliyevdən müsahibə götürən “Euronews” televiziyası dünya media məkanında öz operativliyi ilə bir daha öndə olduğunu təsdiqlədi. Dövlətimizin başçısının verdiyi həmin müsahibə ölkəmizin beynəlxalq mövqeyi, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma siyasəti və enerji diplomatiyası ilə bağlı strateji mesajlarla diqqət çəkdi. Bu müsahibə ilk növbədə Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan rolunu nümayiş etdirən mühüm siyasi çıxış kimi qiymətləndirilə bilər.WUF13-ü Azərbaycanın beynəlxalq vitrini hesab etmək olar. Rekord sayda - 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı WUF13 forumu COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük qlobal tədbirdir. Prezident qonaqların belə çoxluğunu həm mövzunun nə qədər mühüm olduğu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğu ilə əlaqələndirdi. Onun sözləri ilə desək, bu, “Azərbaycanın beynəlxalq hörmətinin bariz nümunəsidir.” Bu forum həm tarixi irsin qorunması, həm də müasir şəhərlərin qurulması arasında balansın vacibliyini gündəmə gətirməsilə mühüm əhəmiyyət daşıyır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası istiqamətində topladığı təcrübəsini beynəlxalq tərəfdaşlarla paylaşması isə bu tədbiri xüsusilə önəmli edir. Prezident İlham Əliyev “Euronews”-a müsahibəsində Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilən (daha doğrusu, müharibə küllərinin üzərində sıfırdan qurulan) şəhərlər məsələsinə ayrıca toxundu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisi layihələrinin, hidroenerji infrastrukturunun, tunel və körpülərin inşa olunduğunu, "ağıllı şəhər” və “ağıllı kənd” layihələri kimi innovativ yanaşmaların icra edildiyini qeyd edərək, bütün bunların sadəcə infrastruktur həlləri deyil, tam yenidənqurma modeli olduğunu vurğuladı. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda ərsəyə gətirdiyi yenidənqurma modeli müharibələrdən əziyyət çəkən ölkələr üçün yaxşı nümunə ola bilər. Dövlətimizin başçısı da öz müsahibəsində bu təcrübənin bənzər problemlərlə üzləşmiş ölkələr üçün nümunə ola biləcəyini ayrıca qeyd etdi. Müsahibə zamanı enerji təhlükəsizliyi və Avropa ilə strateji əməkdaşlıq məsələsinə də münasibət bildirən Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu vurğuladı. Azərbaycan bu gün həqiqətən də artıq Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib. Avropa İttifaqının (Aİ) öz enerji təchizat mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolu getdikcə daha da artır. Məhz bu amili nəzərdə tutaraq Prezident qeyd etdi ki, Azərbaycan Avropanın alternativ enerji mənbəyinə çevrilib, Avropa isə Azərbaycanın premium bazarıdır. İlham Əliyevin bu müqayisəsi olduqca maraqlı və orijinal qiymətləndirmədir. Nəzərə alsaq ki, hazırda Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə qaz ixrac olunur və bunun 12-si isə məhz Avropa ölkəsidir, Azərbaycan həqiqətən də Avropanın ən etibarlı alternativ enerji mənbəyinə çevrilib. Bu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelidir və eyni zamanda, Azərbaycanın enerji diplomatiyasının uğurunu göstərir.“Euronews”-un müxbiri həmçinin Prezident İlham Əliyevə Yaxın Şərqdə baş verən hadisələr fonunda, konkret olaraq Hörmüz böhranının regional və qlobal iqtisadiyyata təsiri və Azərbaycanın bu vəziyyətin öhdəsindən necə gəldiyi ilə bağlı sual ünvanladı. Dövlətimizin başçısı, Hörmüz böhranına münasibətdə Azərbaycanın dayanıqlılığını ön plana çıxardı və bu böhranın Azərbaycana çox da ciddi təsir göstərmədiyini qeyd etdi. O, qeyd etdi ki, təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir, çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Azərbaycanın əsas enerji marşrutlarını uzun illərdir şaxələndirməsi və xüsusən də Orta Dəhlizin işləkliyi bu gün Hörmüz böhranının ölkəmiz üçün mümkün mənfi təsirlərini minimuma endirib. Ona görə də öz enerji layihələrimiz baxımından biz bu gün tamamilə təhlükəsiz mövqedəyik. Lakin bütün bunlar sözsüz ki, diplomatiyanın rolu olmadan mümkün olmazdı. Diplomatiyamızın uğuru ondadır ki, istehsalçı, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı faydalı əməkdaşlıq formatı qurulub. Prezident İlham Əliyev də bu məqamı xüsusilə vurğuladı: "Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın".Böhran sonrası dövrdə isə heç şübhəsiz ki, bölgədə yeni bir vəziyyət yaranacaq. Hörmüz boğazının əvvəlki işləkliyini təmin etmək elə də asan olmayacaq. Bu baxımdan, istər böhranın çözülməsi dövründə, istərsə də böhran həll olunduqdan sonra, bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Bu isə o deməkdir ki, Azərbaycanın coğrafi mövqeyi və resursları daha da strateji əhəmiyyət kəsb edəcək. Prezident bu məqama toxunaraq biildirdi ki, çox güman ki, bundan sonra Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq. Bütün bunlar onu göstərir ki, zaman Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin “Euronews”-a müsahibəsi Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda artan rolunu təsdiqləyən strateji mesajlara vurğu etməklə yanaşı, ölkəmizin artıq qlobal enerji və sabitlik xəritəsinin mühüm oyunçusu olduğunu və həmçinin gələcək inkişafımızın istiqamətlərini aydın şəkildə ortaya qoyur.Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.