Ermənistanın sabiq prezidenti Robert Köçəryan seçkiqabağı təşviqat çərçivəsində Şirak vilayətində çıxışı zamanı Bakıda saxlanılan keçmiş qondarma rejim nümayəndələri ilə bağlı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Köçəryan hakimiyyətə gələcəyi təqdirdə məhv olmuş qondarma rejimin keçmiş hərbi-siyasi rəhbərliyinin Ermənistana qaytarılmasını mümkün hesab etdiyini bildirib.
Onun sözlərinə görə, bu məsələ 3-5 ay ərzində həll olunacaq mövzu deyil, lakin “məqbul müddətdə” nəticə əldə etmək mümkündür.
Köçəryan iddia edib ki, hazırkı Ermənistan hakimiyyəti bu məsələ ilə ciddi şəkildə məşğul olmur və mövzunun “həssas” olduğunu əsas gətirərək açıq müzakirədən yayınır.
O həmçinin qeyd edib ki, hakimiyyət Bakıda saxlanılan keçmiş separatçı rəhbərlərin Ermənistana qayıtmasını istəmir. Köçəryanın fikrincə, bunun səbəbi həmin şəxslərin Ermənistanda nüfuzlu fiqurlar kimi ortaya çıxaraq Qarabağdan köçmüş erməniləri müəyyən məqsədlər ətrafında birləşdirmə ehtimalıdır.
Qeyd edək ki, Robert Köçəryanın bu açıqlamaları Azərbaycanda ciddi etiraz və qəzəblə qarşılanır. Çünki o, uzun illərdir Azərbaycan ictimai rəyində Xocalı soyqırımının əsas təşkilatçılarından və iştirakçılarından biri, müharibə cinayətlərində adı hallanan fiqur kimi qiymətləndirilir. Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliamla bağlı onun adı illərlə ən ağır ittihamlarla çəkilib.
Bu baxımdan Köçəryanın Bakıda saxlanılan separatçılar barədə “azad edə bilərik” tipli bəyanatları reallıqdan uzaq və siyasi populizm kimi qiymətləndirilir. Azərbaycanda hesab olunur ki, separatçılar və müharibə cinayətlərində ittiham olunan şəxslərlə bağlı qərarları yalnız Azərbaycan dövləti və məhkəmə sistemi verir.
Musavat.com bildirir ki, özü ağır müharibə cinayətləri ittihamlarının kölgəsində olan Robert Köçəryanın bu cür iddialı açıqlamalar verməsi daxili erməni auditoriyasına hesablanmış siyasi ritorikadan başqa bir şey deyil.
Onun özünün Bakı həbsxanalarında cəza çəkəcəyi günə isə az qalıb.
Musavat.com