AZ

“Hər şey şəkildi”

Hər şey şəkildir. Tanınmış jurnalist, istedadlı qələm sahiblərinin müəllimi olan Elman Gədiklinin yeni kitabı insan duyğularını həyatın və mühitin süzgəcindən keçirərək hikmət toplusuna çevirib. Kitab vərəqləndikcə oxucu əmin olur ki, söz həm də şəkildir. Ustad jurnalist bu kitabla sözün tablosunu yaradıb, onu özünəməxsus orijinal üslubla həyatımızın düşüncə aynasını yaradaraq oxucuya təqdim edib. Kitabda hər ifadə insan ruhunun çəkilmiş portretidir. Sətirlər arasında gizlənən həyat həqiqətləri oxucunu düşündürür, illərin yorğunluğunu sözün işığında dinləndirir. Müəllif saf duyğuları sözün nəfəsi ilə canlandıraraq yaddaşa hopan mənəvi dünya yaradır.

Kitab eyni zamanda insanın öz daxilinə etdiyi səssiz bir yolçuluqdur. Elman Gədiklinin qələmi adi görünən məqamların arxasındakı böyük həqiqətləri üzə çıxarır, sözün gücü ilə zamanın saralmış xatirələrinə yenidən həyat verir. 

Bir qum saatının son anı, itkin məkanın ünvanı, doğru dünyanın yamanı olan şair Tanrı xətrinə bir az durun deyir. Zamanın nəfəsi daralanda, insanlığın səsi yorulanda Elman müəllim sözün kölgəsinə sığınıb dünyanın unudulan vicdanını oyadır. Şairin harayı  duyğuların, itib gedən həqiqətlərin səsinə dönür.

Ömrün yorğun küçələrində addımlayan şair anlayır ki, insan tənhalığı adamların içində yaşayır. Hər kəlməsi zamanın sürətlə keçdiyi dünyada dayanıb insanlara unutduqları mərhəməti, vicdanı və sevgini xatırladır.

Böyük Məmməd Araz demişkən, Elman Gədikli müqayisədən və mübaliğədən uzaq istedadının gücü ilə yazır. Ona görə orijinal və təkrarsız üslubu ilə fikir adamının qələmə aldığı "Hər şey şəkildi” şeirlər kitabı oxucunu sözün görünməyən qatlarına aparır. Bu kitabda misralar zamanın, insan taleyinin və iç dünyasının bədii yaddaşı kimi yaşayır. Hər səhifədə müəllifin düşüncəsi həyatın sərt üzünə toxunur, insan ruhunun gizli ağrılarını sözün işığında göstərir.

Şair kitabında dünyanı qəlbin yaddaşı ilə seyr edir, unudulmuş duyğulara nəfəs verir. Oxucu misraların arasında öz keçmişini, ağrılarını, yarımçıq qalan arzularını görür və bu mənada  "Hər şey şəkildi” kitabı zamanın içindən keçən insanın mənəvi portretidir.

 

Adil Əzizov

Seçilən
39
ulusum.az

1Mənbələr