AZ

Mədəniyyət və yaradıcı sənayelər dayanıqlı və inklüziv şəhərləri formalaşdırır - UNESCO

Mədəniyyət və yaradıcı sənayelər dayanıqlı şəhər inkişafı və iqtisadi artımın əsas amillərindən birinə çevrilir.

Olaylar xəbər verir ki, bunu UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin katibi Denis Baks WUF13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən "UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı" mövzusunda panel sessiyada çıxışında deyib.

"Şəhər inkişafında mədəniyyət periferiyada deyil, prosesin mərkəzində olduqda, məhz o, inkişafın əsasını formalaşdırır", - deyə o qeyd edib.

Baks vurğulayıb ki, innovasiyaları, mədəni özünüifadəni və yerli iqtisadiyyatları stimullaşdıran kreativ məkanlar bu gün getdikcə daha çox sıxışdırılma təhlükəsi ilə üzləşir.

Onun sözlərinə görə, bu, yalnız marketinq problemi deyil, həm də şəhərlərdə sosial həmrəyliyin qorunması ilə bağlı daha geniş məsələdir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
1
olaylar.az

3Mənbələr