AZ

Qarabağ və Şərqi Zəngəzurda daha 9 su anbarı tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə daha 9 su anbarının tikintisi nəzərdə tutulur. Bu barədə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən forum çərçivəsində “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə bildirib. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə tikinti və inkişaf işlərinin sistemli şəkildə həyata keçirilməsi üçün şəhərlərin baş planları hazırlanır və təsdiqlənir.

“Hazırda 8 şəhər üzrə baş planlar təsdiqlənib, 4 şəhər üzrə isə baş planların hazırlanması davam etdirilir. Ümumilikdə 10 min hektardan çox şəhər ərazisi bu planlar çərçivəsində əhatə olunur. Hər bir baş plan 20 illik inkişaf mərhələsi nəzərə alınaraq hazırlanıb”, – deyə Anar Quliyev qeyd edib.  Ümumilikdə 13600 kvadrat kilometr ərazini əhatə edən region üzrə təxminən 1,1 milyon nəfərin geri qayıdışı nəzərdə tutulur. 

Baş planlarda nəqliyyat infrastrukturu və logistika şəbəkələrinin inkişafı da əsas istiqamətlərdən biridir. Bu çərçivədə 3800 kilometrdən çox yol layihəsi, 68 yol istiqaməti, 48 tunel və yeni dəmir yolu xətlərinin inşası planlaşdırılır. Həmçinin ümumi uzunluğu 150 kilometrdən artıq yeni dəmir yolu xətlərinin qurulması nəzərdə tutulur.

Qeyd edək ki, WUF13 mayın 17–22-də BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum müxtəlif ölkələrin hökumətlərini, mütəxəssisləri və tərəfdaşları şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün bir araya gətirir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr