AZ

Cəmilə Əsgərova: İnklüziv tədbirlər böyük əhəmiyyət kəsb edir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 may, AZƏRTAC

İnklüziv tədbirlər həm xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həm də bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl onlar inklüzivliyi yalnız sözdə deyil, həm də praktikada təşviq edirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar digər uşaqlarla birlikdə mədəni, təhsil və yaradıcı layihələrdə iştirak etdikdə, cəmiyyət müxtəlifliyi təbii olaraq qəbul etməyə başlayır, stereotiplər və maneələr isə tədricən yox olur.

Bu barədə AZƏRTAC-a müsahibəsində “IMEC” Beynəlxalq Musiqi Tədris Mərkəzinin təsisçisi və direktoru, pedaqoq və musiqi terapevti Cəmilə Əsgərova bildirib.

Müsahibimiz IMEC tərəfindən təşəbbüs edilən və bu yaxınlarda keçirilən “Arzular nöqtəsi” inklüziv musiqi festivalını nümunə göstərdi. Festival İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və dəstəyi, Heydər Əliyev Fondu, Bakı Media Mərkəzi və “PASHA Holding”in dəstəyi ilə keçirilib.

Festival çərçivəsində Azərbaycan kinosunun klassik səhnələrinə müzikl formatında yeni səhnə həyatı verilib. Canlı musiqi müşayiəti, müxtəlif janrlarda çıxışlar və dinamik fləşmoblar tədbirə xüsusi emosional atmosfer bəxş edib. Uşaqların və gənclərin iştirakı ilə proqram onların istedadlarını nümayiş etdirməklə yanaşı, həm də cəmiyyətə vacib sosial mesaj çatdırıb.

“Uşaqların özləri üçün bu cür tədbirlərdə iştirak etmək çox vacib sosiallaşma təcrübəsidir. Onlar istedadlarını kəşf etmək, ünsiyyət qurmaq, özlərini cəmiyyətin bir parçası kimi hiss etmək, özünəinamı inkişaf etdirmək və uğur vəziyyətini yaşamaq imkanı qazanırlar ki, bu da onların emosional vəziyyətinə və özünəqiymətə birbaşa təsir göstərir”, - deyə C.Əsgərova qeyd edib.

Onun fikrincə, bu cür layihələr valideynlər üçün də az əhəmiyyət kəsb etmir. Bir çox ailələr üçün bu, dəstək və anlayış hissini, uşağının cəmiyyət tərəfindən qəbul edildiyini, qabiliyyətlərinin nəzərə alındığını və qiymətləndirildiyini görmək imkanı verir. Bu, emosional stresi azaltmağa kömək edir və onlara irəliləmək üçün güc verir.

“Bu kimi təşəbbüslər hər bir uşağın fikrini ifadə etmək, öz potensialını reallaşdırmaq və xoşbəxt yaşamaq hüququna malik olduğu daha humanist, inklüziv və sağlam bir cəmiyyətin formalaşmasına xidmət edir”, - deyə müsahibimiz xüsusi vurğulayıb.

Müəllif – Anara Axundova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr