AZ

WUF13: Tarixi irs və müasirliyin vəhdətində Azərbaycan nümunəsi

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası (WUF13) bir çox aspektlər baxımından diqqət mərkəzindədir. İlk növbədə, ona görə ki, WUF13 qarşısına qoyduğu hədəflərin sosial-ictimai əhəmiyyətinə və miqyasına görə BMT-nin ən nüfuzlu tədbirlərindən biri sayılır. İlyarım əvvəl Bakıda keçirilən 29-cu İqlim Konfransından (COP29) sonra bu, Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir.

182 ölkədən 40 mindən çox nümayəndənin bu mötəbər Forumda iştirakı mövzuya beynəlxalq marağın yüksək səviyyəsi ilə yanaşı, Bakıda keçirilən Sessiya ilə bağlı böyük gözləntilərdən xəbər verir. Dünyada iqlim böhranı, münaqişələr, dağıntılar və məcburi köçkünlük səbəbindən 1 milyarddan çox insan qeyri-sabit şəraitdə yaşayır, 300 milyon insan isə ümumiyyətlə evsiz-eşiksizdir. Üstəlik, 1 milyarddan çox insanın gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində həyat sürməsi növbəti sosial çağırışdır.

Əhali sayının ilbəil artımı, yüksək inflyasiya fonunda qiymətlərin bahalaşması, miqrasiya problemi və digər bu kimi obyektiv və subyektiv amillər dünyada milyardlarla insanın dözülməz, yaxud ağır şəraitdə yaşadığına dəlalət edir. Bütün bunlar Şəhərsalma siyasətinin istənilən ölkənin həyatında nə qədər mühüm rol oynadığını bir daha təsdiq edir.

Başqa bir problem süni intellektin və müasir rəqəmsal texnologiyanın gətirdiyi yeniliklərlə bağlıdır. Sözsüz ki, bu cür yeniliklər nəticə etibarilə həyat və iş şəraitinin yaxşılaşdırılmasına zəmin yaradır və eyni zamanda müasirləşməni də qaçılmaz edir. Belə bir vəziyyətdə müasirliyin təmin olunması ilə tarixi irsin qorunması arasında tarazlığı gözləmək bütün cəmiyyətlər üçün olduqca vacibdir. Çünki təbii vəhdətin təmin olunması istənilən millətin həyat tərzini şərtləndirən tarixi ənənə və vərdişlərinin də qorunması deməkdir.

Prezident İlham Əliyev elə həmin səbəbdən WUF13-ün açılış mərasimindəbu həssas məqamı xüsusi olaraq qeyd etdi: “Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür... Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq”.

Dünyada milyonlarla insanın evsiz-eşiksiz qalmasının səbəblərindən biri də davam edən münaqişə və müharibələrdir. Müharibə insan itkisi ilə yanaşı, həm də böyük dağıntılar deməkdir. 700 mindən çox azərbaycanlı 30 il ərzində məcburi köçkünlüyün ağır maddi və mənəviməhrumiyyətlərini öz həyatında yaşamalı olub. 300 mindən çox insanımız və onların varisləri qaçqın həyatının ağır mənəvi sınağı ilə bu gün də üz-üzədir. Ermənistanın Qarabağda və Şərqi Zəngəzurda törətdiyi dağıntıların miqyasına gəldikdə isə, vandallığın ölçüsünü təkcə özümüz yox, artıq bütün dünya da görür. Ən dəhşətlisi odur ki, bu dağıntılar aktiv hərbi əməliyyatlar zamanı deyil, işğal dövründə talançılıq və ziyan vurmaq məqsədilə qəsdən törədilib.

Prezident İlham Əliyev bu acı gerçəkliyi də Forum iştirakçılarının diqqətinə çatdırdı: “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.

Cənab Prezident Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, dağıntıların miqyasına və hələ də qalmaqda olan mina təhlükəsinə baxmayaraq, bərpa-quruculuq işləri durmadan davam etdirilir və artıq 85 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarında yaşayır, fəaliyyət göstərir. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa və quruculuq işləri həm də yeni şəhərsalma siyasətinin bariz nümunəsidir.

Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibədə artıq görülmüş işlərin kiçik bir hissəsini beynəlxalq auditoriyanın diqqətinə çatdırdı: “İlk növbədə, elektrik enerjisi məsələsi həll ollundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək... Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib. Dəmir yolları, məktəblər, xəstəxanalar-bütün bu işlər paralel şəkildə həyata keçirilir”.

Üç beynəlxalq hava limanının tikintisi, “Ağıllı şəhər” və “Ağıllı kənd”, “Yaşıl enerji” konsepsiyasına uyğun olan layihələrin icrası indiyədək görülmüş böyük işlərin yalnız bir hissəsidir. Ən başlıcası, köçkünlük həyatının ağır məhrumiyyətlərindən sonra öz yurdlarında yeni ev və mənzillərlə təmin olunan insanların yaşadığı sevinc və qürur hissinin əvəzi yoxdur. O da danılmaz həqiqətdir ki, dünyada çox az ölkə bu miqyasda işləri öz gücünə görməsi ilə öyünə bilər.

Müxbirin Yaxın Şərqdə yaşanan gərginlik fonundaölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolla bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavab, əminəm ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün aktorlara qarşılıqlı faydalı əməkdaşlığın yeganə düzgün və ədalətli düsturunu göstərir: “Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın. Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər”.

COP29-un ardınca WUF13 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Prezidentinin müstəqil və praqmatik xarici siyasət kursuna, dövlətimizin bu illər ərzində qazandığı etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq etimadın təzahürüdür. Onu da unutmamalıyıq ki, bütün maneə və təzyiqlərə baxmayaraq, ərazi bütövlüyünü və suverenliyini tam və mütləq mənada bərpa edən qalib Azərbaycan və Müzəffər Lider təcrübəsi bu gün bir çoxları üçün örnəkdir. Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizə etibar edilməsi həm də bu bənzərsiz təcrübənin və səbəb olduğu geosiyasi reallığın qlobal arenada qəbul edildiyinin əyani göstəricisidir.

Ülvi Quliyev, 

Milli Məclisin deputatı

Seçilən
3
3
sabahinfo.az

4Mənbələr