AZ

“Euronews” müsahibəsinin mesajları: Azərbaycan dünyaya nəyi göstərdi?

“Cənab prezidentin “Euronews” telekanalına müsahibəsində bir çox vacib məqamlara toxunuldu. Hesab edirəm ki, telekanalın tamaşaçı auditoriyası Azərbaycanı daha yaxşı və daha dərindən tanımağa başladı. İlk növbədə Azərbaycanın şəhər yaradan xalq olduğu vurğulandı”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Ermənistan torpaqlarımızın bir hissəsini 30 il işğal altında saxladı və həmin dövrdə evlər, məktəblər, xəstəxanalar, kommunikasiya xətləri dağıdıldı, meşələr yandırıldı. Hətta onların yaşadıqları kəndlərdə belə bir dənə də yeni ev inşa edilmədi: “Bundan fərqli olaraq, Azərbaycan xalqı torpaqlar işğaldan azad etdikdən sonra hər şeyi sıfırdan qurmağa başladı.


Torpaqlarımız minalardan təmizləndi, kommunikasiya xətləri çəkildi, yüzlərlə kilometr yol salındı. 500 körpünün tikilməsi nəzərdə tutulmuşdu və qısa zamanda onların 435-i artıq istifadəyə verildi. Həmçinin 700 kilometrə qədər tunel inşa edildi.

Bu tunellər qış aylarında dağ massivlərində yerləşən şəhər və kəndlərlə əlaqəni təmin etməyə imkan verəcək. Sovet dövründə belə imkanlar yox idi, amma müstəqil dövlətçiliyimiz bunu reallaşdıra bildi. Üç yeni hava limanı tikildi və bu da logistik məsələlərin daha səmərəli həllinə imkan yaratdı. Bundan başqa, Azərbaycanın bütün şəhər və rayonlarının baş planları yenidən hazırlandı. Kommunikasiya xətləri yeniləndi. Bu gün Bakı ilə yanaşı, Qəbələ, Naxçıvan, Şamaxı, Gəncə, Mingəçevir və digər şəhər və rayon mərkəzlərinin yenidən qurulması Azərbaycan xalqının yaradıcılığını və şəhərsalma mədəniyyətini göstərir”.

yollllll.jpg


Deputat bildirir ki, urbanizasiya bu gün bütün dünya üçün xarakterikdir: “Hətta ənənəvi aqrar ölkələrdə belə böyük şəhərlər yaranmağa başlayıb və bu proses Azərbaycandan da yan keçməyib. Əgər çar və sovet dövründə bu məsələyə birtərəfli yanaşılırdısa, müstəqillik dövründə məsələlərə kompleks yanaşma formalaşıb. Təkcə yaşayış yerləri deyil, iş yerlərinin yaradılması, istirahət zonalarının salınması, həmçinin mənzillərin əlçatanlığı məsələsi də bu gün Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlətin yaratdığı şərait nəticəsində Bakıda və bölgələrdə yeni binaların, yaşayış komplekslərinin tikintisi geniş vüsət alıb. Burada həm şəhərsalma prinsipləri qorunur, həm də insanların rahat mənzilə sahib olması üçün müvafiq şərait yaradılır. Digər tərəfdən, tarixi binaların qorunmasına da böyük diqqət yetirilir. Bu proses qədim şəhər və kəndlərimizdə xüsusilə aydın görünür.


Hətta vətəndaşlarımız tarixi binalara müdaxilə hallarında dərhal reaksiya verir və dövlət də bu məsələdə vətəndaşın yanında olur. Şəhərsalma məsələləri ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Cənab Prezidentin Bakı ilə yanaşı rayon və şəhərlərə səfərləri zamanı yeni yaşayış massivləri və iş yerləri ilə maraqlanması bunu bir daha göstərir. Digər tərəfdən, insanların istirahəti üçün parkların, yaşıl zolaqların salınması, həyətlərin abadlaşdırılması da bu gün şəhərsalmanın əsas prinsiplərindən biri kimi götürülür.
İşğaldan azad olunmuş ərazilərdə böyük işlər görülür. Qısa müddətdə 80 minə qədər insan öz doğma yurduna qayıda bilib. Artıq 40-a yaxın şəhər və qəsəbədə həyat yenidən canlanır.

yol


Demək olar ki, hər gün bir qrup keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıdışının şahidi oluruq. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan memarlıq nümunələrinə uyğun şəhərsalma modeli bərpa olunur. Yeni binalar, məktəblər tikilir”.


Aydın Mirzəzadə deyir ki, bu fəaliyyət xarici qonaqların da diqqətini cəlb edir: “Ümumilikdə, şəhərsalma forumunun Azərbaycanda keçirilməsi Azərbaycan təcrübəsinin dünya üçün əhəmiyyətli olduğunu göstərir. Ölkələr burada həm qlobal problemləri müzakirə edir, həm də Azərbaycan təcrübəsi ilə yaxından tanış olurlar.


Azərbaycan mədəniyyəti və incəsənəti də xarici qonaqların diqqətini cəlb edir. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirlərin keçirilməsinə yüksək məsuliyyətlə yanaşdığını və belə tədbirləri yüksək səviyyədə təşkil etmək təcrübəsinə malik olduğunu nümayiş etdirir.Azərbaycan artıq qlobal məsələlərin müzakirəsi üçün uğurlu və təhlükəsiz beynəlxalq platformaya çevrilib”.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr