AZ

"Azərbaycan isə son illər bütün bu istiqamətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib" - AÇIQLAMA

"Azərbaycan isə son illər bütün bu istiqamətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib" - AÇIQLAMA"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu - WUF13 yalnız növbəti beynəlxalq tədbir deyil, bu, Azərbaycanın artan siyasi nüfuzunun, geostrateji çəkisinin və qlobal məsələlərin müzakirəsində fəal iştirakının mühüm göstəricisidir. Belə mötəbər platformanın məhz Bakıda təşkili onu göstərir ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, eyni zamanda dayanıqlı inkişaf, urbanizasiya, "yaşıl şəhər" konsepsiyası və müasir idarəetmə modelləri üzrə də etibarlı tərəfdaş kimi qəbul olunur".

Bu fikirləri Sonxeber.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, forumun əsas mahiyyəti sürətlə artan urbanizasiya fonunda şəhərlərin gələcəyi, insanların yaşayış keyfiyyəti, ekoloji təhlükəsizlik və sosial rifah məsələlərinin beynəlxalq səviyyədə müzakirəsindən ibarətdir:

"Müasir dünyada şəhərlər artıq yalnız inzibati məkan deyil, iqtisadiyyatın, innovasiyanın, texnologiyanın və sosial münasibətlərin əsas mərkəzinə çevrilib. Bu baxımdan Bakı Forumu həm regional, həm də qlobal əhəmiyyət daşıyan yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformadır.

Eyni zamanda, Azərbaycan üçün bu forumun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, ölkə postmünaqişə dövründə tamamilə yeni şəhərsalma modeli ortaya qoyur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji zonalarının yaradılması, müasir infrastrukturun qurulması artıq dünyanın diqqətini cəlb edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proqramları bir çox dövlətlər üçün nümunə kimi təqdim olunur. Bu mənada forum Azərbaycanın praktik təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm imkan yaradır.

Düşünürəm ki, Bakının belə bir tədbirə ev sahibliyi etməsi həm də ölkəmizin təhlükəsizlik, sabitlik və beynəlxalq əməkdaşlıq məkanı kimi nüfuzunu daha da gücləndirir. Çünki bu cür forumlar təsadüfi ölkələrə həvalə edilmir. Burada həm təşkilati imkanlar, həm siyasi sabitlik, həm də beynəlxalq etimad əsas rol oynayır. Azərbaycan isə son illər bütün bu istiqamətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Forumun iqtisadi tərəfi də xüsusi qeyd olunmalıdır. Belə beynəlxalq tədbirlər investisiya imkanlarının genişlənməsinə, yeni əməkdaşlıqların qurulmasına, şəhər infrastrukturu, tikinti, rəqəmsal texnologiyalar və nəqliyyat sektorlarına marağın artmasına səbəb olur. Eyni zamanda, Azərbaycanın turizm potensialının və müasir şəhər simasının təqdimatı baxımından da bu forum mühüm rol oynayır.

Digər mühüm məqam isə Azərbaycanın artıq qlobal gündəliyin formalaşmasına töhfə verən ölkələr sırasında yer almasıdır. Əgər əvvəllər Azərbaycan daha çox regional layihələrin təşəbbüskarı kimi çıxış edirdisə, bu gün ölkəmiz urbanizasiya, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və humanitar əməkdaşlıq kimi beynəlxalq məsələlərin müzakirəsində də fəal rol oynayır. Bu isə dövlətimizin beynəlxalq nüfuzunun artmasının real göstəricisidir.

Hesab edirəm ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın siyasi, iqtisadi və diplomatik uğurlarının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu forum həm ölkəmizin müasir inkişaf modelini dünyaya nümayiş etdirir, həm də Azərbaycanın gələcəyin şəhərləri ilə bağlı qlobal baxışın formalaşmasında iştirak edən aparıcı dövlətlərdən birinə çevrildiyini göstərir", - deyə B. Quliyev əlavə edib.

Seçilən
29
50
sonxeber.az

10Mənbələr