AZ

Bağırsaqda bir problem varsa, ikincisi dəridə başlayır

Bağırsaqlarda problem olduqda, bunun təsiri çox vaxt ilk olaraq dəridə özünü göstərir. Mütəxəssislər bildirirlər ki, “bağırsaq-dəri oxu” adlanan əlaqə səbəbindən bağırsaq sağlamlığı ilə dəri vəziyyəti bir-biri ilə sıx bağlıdır.

E-saglam.az xəbər verir ki, biokimya mütəxəssisi Ayşegül Çoruhlu sağlam və gənc görünən dərinin yalnız kremlərlə deyil, daxildən düzgün dəstəklə mümkün olduğunu bildirib. Onun sözlərinə görə, dərinin sağlam görünməsi üçün kollagen, keratin, D vitamini və bağırsaq mikrobiomu mühüm rol oynayır.

Mütəxəssis qeyd edib ki, kollagenin müxtəlif növləri var və onların bəzilərini hazır şəkildə qəbul etmək mümkün deyil, bədən özü istehsal etməlidir. Dərinin üst qatında isə keratin, qoruyucu yağ təbəqəsi və melanin yerləşir. Bu sistem dərini günəşdən və xarici təsirlərdən qoruyur.

D vitamini çatışmazlığının da dəri problemlərini artıra biləcəyi vurğulanıb. Bildirilib ki, bəzi faydalı bakteriyalar dərinin pH balansını qorumağa və müdafiə mexanizmini gücləndirməyə kömək edir.

Mütəxəssisin sözlərinə görə, bağırsaq mikroflorasında problem olduqda bu, yalnız dəriyə deyil, saçlara, dırnaqlara və hətta oynaqlara da təsir göstərə bilər. Stress, zəif yuxu, siqaret və yüksək qan şəkəri də dərinin daha tez qocalmasına səbəb olan əsas amillər arasındadır.

Qeyd olunub ki, kifayət qədər su qəbulu, tərəvəz və meyvələrlə zəngin qidalanma, düzgün yuxu və siqaretdən uzaq durmaq dərinin daha sağlam və parlaq görünməsinə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr