AZ

Epşteyn dosyesi Vaşinqtonu YENİDƏN silkələyir – YENİ detallar

ABŞ-də “Epşteyn işi” ətrafında illərdir davam edən qalmaqal yenidən gündəmin əsas mövzusuna çevrilib. Bir sıra nüfuzlu media orqanlarının son günlərdə dərc etdiyi analiz və xəbərlərdə ortaq xətt dəyişmir: Epşteyn dosyesi hələ qapanmayıb və onun ətrafında hüquqi, siyasi və ictimai təzyiqlər getdikcə böyüyür.

Materiallarda əsas diqqət hazırda “Epşteyn faylları” adlandırılan istintaq sənədlərinin açıqlanması ətrafında yaranan mübahisələrə yönəlib. Müxtəlif məqalələrdə qeyd olunur ki, ictimaiyyətə təqdim edilən materialların həcmi artsa da, cəmiyyətin gözlədiyi tam və sistemli açıqlama hələ də təmin edilməyib. Bu isə iki paralel proses yaradır: bir tərəfdən hüquq-mühafizə orqanlarının davam edən istintaq yükü, digər tərəfdən isə siyasi dairələrdə artan təzyiq və qarşılıqlı ittihamlar.

Xatırladaq ki, “Epşteyn işi” təkcə maliyyə fırıldaqları ilə deyil, həm də illərlə davam etmiş seks köləliyi, zorakı cinsi istismar və insan alveri şəbəkəsi ilə bağlı ittihamlarla beynəlxalq rezonans doğurub. ABŞ hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, Epşteynin müxtəlif dövrlərdə yetkinlik yaşına çatmayan şəxslərin də daxil olduğu qurbanlar şəbəkəsindən istifadə etdiyi, onları sistemli şəkildə istismar etdiyi iddia olunur. Bu iddialar işin ağırlığını artıraraq onu, sadəcə, kriminal deyil, həm də institusional məsuliyyət məsələsinə çevirib.

Xəbərlərdə diqqət çəkən əsas məqam “Epşteyn işi” ətrafında Konqres və ədliyyə strukturları arasında artan gərginlikdir. ABŞ mediasının yazdığına görə, bəzi qanunvericilər sənədlərin daha geniş şəkildə açıqlanmasını tələb edir, digərləri isə istintaqın məxfiliyinin qorunmasını və qurbanların hüquqlarının zədələnməməsini əsas gətirirlər. Bu mübahisə təkcə hüquqi yox, həm də siyasi xarakter alıb.

image

Analitiklərə görə, Epşteyn dosyesi artıq partiyalararası qarşıdurmada simvolik mövzuya çevrilib və bu, Vaşinqtonda dövlət institutlarına olan etimad böhranını dərinləşdirir. ABŞ mediası eyni zamanda, Gislayn Maksvell işi ilə bağlı hüquqi proseslərin davam etdiyini vurğulayır. Son materiallarda onun müdafiə tərəfinin əvvəlki məhkəmə qərarlarına qarşı hüquqi arqumentlərini davam etdirdiyi qeyd olunur. Maksvell işinin Epşteynin yaratdığı şəbəkə və onun fəaliyyət mexanizmləri ilə bağlı istintaqda həlledici mərhələ olduğu bildirilir.

Hüquqşünasların şərhlərinə görə, Maksvell işi Epşteyn şəbəkəsi ilə bağlı istintaqın “ikinci mərhələsi” kimi qiymətləndirilir və bu proses yekunlaşmadan Epşteyn dosyesinin hüquqi olaraq tam bağlanması mümkün görünmür.

“The New York Times” və CNN-in analitik yazılarında vurğulanır ki, ABŞ ictimaiyyətində əsas tələb sənədlərin tam və sistemli şəkildə açıqlanmasıdır. Xüsusilə hüquq müdafiəçiləri və qurbanların nümayəndələri hesab edir ki, parçalı açıqlamalar yetərli deyil və bu, yalnız yeni spekulyasiyalara və ictimai şübhələrin artmasına yol açır. Eyni zamanda, bəzi ekspertlər xəbərdarlıq edirlər ki, bütün materialların filtrsiz şəkildə ictimaiyyətə çıxarılması qurbanların şəxsi həyatının qorunması, onların təhlükəsizliyi və davam edən istintaq prosesləri baxımından ciddi risklər yarada bilər.

Ümumi mənzərə isə dəyişmir: “Epşteyn işi” artıq təkcə bir cinayət dosyesi deyil, ABŞ hüquq sistemində şəffaflıq, elit çevrələrin məsuliyyəti və institusional hesabatlılıq mövzularının simvoluna çevrilmiş ağır bir qalmaqaldır. İllər keçməsinə baxmayaraq, onun maliyyə və sosial əlaqələri, himayə şəbəkəsi və fəaliyyət mexanizmləri ilə bağlı suallar tam cavablandırılmayıb.

Bu dosye həm hüquqi sistemin şəffaflığı, həm də siyasi institutların etimad böhranı ilə bağlı daha geniş müzakirənin mərkəzində dayanır. Vaşinqtonda formalaşan ümumi qənaət dəyişmir: “Epşteyn işi” bağlanmayıb və görünən odur ki, onun ətrafında debatlar hələ uzun müddət ABŞ ictimai-siyasi gündəmini müəyyən edəcək.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr