AZ

​Turizm dalğası əmlak bazarını dəyişir: qiymətlər niyə qalxır? Ekspertdən AÇIQLAMA

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə bölgələrdə torpaq sahələri və fərdi evlərin qiymətlərinin artması ilə bağlı paylaşımlar xeyli artıb.

Xüsusilə turizm baxımından cəlbedici rayonlarda torpaq sahələrinin əvvəlki illərlə müqayisədə daha yüksək qiymətlə satışa çıxarılması diqqətdən yayınmır. Mütəxəssislərin bir qismi bunu bazarda tələbin çoxalması ilə əlaqələndirsə də, digər tərəf qiymət artımında süni bahalaşdırmanın və sosial mediada formalaşdırılan “investisiya marağı”nın təsirinin böyük olduğunu bildirir.

Bəs bölgələrdə daşınmaz əmlak bazarında müşahidə olunan bu bahalaşma real tələbdən qaynaqlanır, yoxsa süni şəkildə formalaşdırılan qiymət artımıdır?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “AzPolitika”ya açıqlamasında deyib ki, 2020-ci ildən, xüsusilə pandemiya dövründə ölkənin quru sərhədlərinin bağlanması daxili turizmin inkişafına ciddi təkan verib.

Onun sözlərinə görə, artıq ölkə əhalisinin böyük bir hissəsi xarici ölkələrə deyil, Azərbaycanın turistik bölgələrinə üz tutur ki, bu da həmin ərazilərdə daşınmaz əmlaka, torpaq sahələrinə və qeyri-yaşayış obyektlərinə tələbatı artırır: “Statistik göstəricilər də bunu təsdiqləyir. Belə ki, 2020-ci ildən əvvəlki dövrlə müqayisədə turistik bölgələrdə gündəlik kirayə qiymətləri yüksəlib, kafe-restoranların və yeni iş yerlərinin sayı artıb. Quru sərhədlərinin bağlı qalması daxili turizmin inkişafına səbəb olmaqla yanaşı, bölgələrdə daşınmaz əmlak qiymətlərinin də artmasına gətirib çıxarıb”.

Ekspert bildirib ki, son 6 ildə turistik zonalarda torpaq sahələrinin qiymətində ciddi artım müşahidə olunur: “Bunun əsas səbəbi isə ölkənin müxtəlif şəhər və rayonlarından investorların həmin ərazilərə maraq göstərməsidir. İnvestorlar turistik bölgələrdə mənzillər, fərdi yaşayış evləri və torpaq sahələri alaraq onların üzərində A-frame tipli və ya turizm üçün uyğun fərdi yaşayış evləri tikir, daha sonra isə bu obyektləri gündəlik kirayəyə verərək yüksək gəlir əldə edirlər. Turistik zonalarda qeyri-yaşayış obyektlərinə tələbatın artması da yeni kafe, restoran, istirahət mərkəzi və otellərin açılmasına səbəb olur. Tələbat artdıqca isə həmin ərazilərdə torpaq və daşınmaz əmlakların satış qiymətləri yüksəlir”.

E.Fərzəliyev vurğulayıb ki, turistik zonalarda qiymət artımı müşahidə olunsa da, turizmin inkişaf etmədiyi digər bölgələrdə daşınmaz əmlak bazarında ciddi bahalaşma müşahidə olunmur: “Qiymət artımları əsasən ölkənin şimal və cənub bölgələrində, həmçinin son illərdə azad edilmiş ərazilərdə daha çox hiss olunur. Azad olunmuş ərazilərə insanların kütləvi şəkildə turist kimi axını burada yeni iaşə obyektlərinin, otellərin və istirahət məkanlarının açılmasına səbəb olub. Bu da həmin bölgələrdə daşınmaz əmlaka marağı artırır. Digər bölgələrdə torpaq sahələrinin satışı daha sərbəstdirsə, azad olunmuş ərazilərdə bu proses əsasən dövlət tərəfindən tənzimlənir.

Gələcəkdə həmin ərazilərdə məskunlaşma prosesi tam başa çatdıqdan sonra azad olunmuş bölgələrdə daşınmaz əmlaka və torpaq sahələrinə tələbat indiki dövrlə müqayisədə daha da artacaq”.

Oğuz Ayvaz

“AzPolitika. info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
azpolitika.info

1Mənbələr