AZ

Prezidentin təltif etdiyi Rüstəmxanlının dosyesi: Deputat, nazir, Xalq şairi...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq şairi Sabir Rüstəmxanlını "Şərəf" ordeni ilə təltif edib.

Ölkə.Az S.Rüstəmxanlının dosyesini təqdim edir.

Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.
1974–1975-ci illərdə ordu sıralarında xidmət edib.

Bu sırada elmi işlə də məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
S. Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.
Evlidir, 4 övladı var. Deputat Tənzilə Rüstəmxanlının həyat yoldaşıdır. 
1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib.
"Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. 
"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir. 
Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb.
1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edib, 2 il onun baş redaktoru olub.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilib, Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olub.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir. 

Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilib.
Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olub. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilib.

Qeyd edək ki, mayın 20-si Xalq şairinin 80 yaşı tamam olur.

Billurə

Seçilən
23
2
olke.az

3Mənbələr