Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Məlum olduğu kimi, bu gün Vladimir Putinin Çinə səfəri başlayır. Səfərin əsas gündəm mövzularından biri Avropa bazarını itirən Rusiyanın Çinə təbii qaz tədarükünü artırmaqdır.
Qərb mətbuatının da yazdığına görə, Vladimir Putin Çin rəhbəri Si Cinpini "Sibir Gücü 2" qaz kəmərinin tikintisinə razı salmağa çalışır.
“AzPolitika” xəbər verir ki, “Qazprom”un qaz alışı üçün Çinə çox sərfəli qiymətlər təklif etdiyi məlum olub. Bu barədə “Bloomberg” "Qazprom"a yaxın mənbələrə istinadla məlumat yayıb. Lakin nəşr qeyd edir ki, Çin tərəfi Rusiyanın təklifini qəbul etməyə qəti tələsmir. Moskvanın məqsədi sentyabr ayına qədər qaz qiyməti ilə bağlı razılığa gəlməkdir.
“Bloomberg” qeyd edir ki, danışıqlarda irəliləyiş yalnız Sidən asılıdır və hazırda Rusiyanın asanlıqla onunla razılığa gələ biləcəyinə dair demək olar, heç bir əlamət yoxdur.
Vəziyyətlə tanış olan bir mənbə “Financial Times” qəzetinə Çin və Rusiyanın razılığa gələ biləcəyinə şübhə ilə yanaşdığını bildirib. Çünki Pekin hələ də qazı təxminən Rusiya daxili bazarına uyğun, yəni, olduqca aşağı qiymətə almaq istəyir. Bu qiymət min kubmetr üçün təxminən 50 dollardır. Bu, mövcud Avropa qiymətlərindən təxminən 12 dəfə, Çinin isə hazırda Rusiyaya ödədiyi qiymətdən - 258 dollardan - beş dəfə aşağıdır.
Mənbə xüsusi vurğulayır ki, Çin qaz istehlakının pik həddinə çatıb və Rusiya qarşısında qaz alışı ilə bağlı uzunmüddətli öhdəliklər götürmək istəmir.
Üstəlik, Çin sürətlə bərpa olunan enerji mənbələrini inkişaf etdirir və böyük kömür ehtiyatlarına malikdir. Bu iki əsas enerji mənbəyi, böyüməsi yavaşlayan Çin iqtisadiyyatı üçün önəmli mənbələrdir və təbii qaza tələbatı azaldır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.