AZ

Azərbaycan-Ermənistan münasibətləri: Revanşizm sülhü sındıra bilərmi? – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı çıxışında Azərbaycanla münasibətlərin normallaşması üçün hər hansı vasitəçi instituta ehtiyac olmadığını və ikitərəfli danışıqlara üstünlük verdiklərini bildirib. AMİP funksioneri Əli Orucov isə məsələyə münasibət bildirərək qeyd edib ki, uzun illər danışıqların nəticəsiz qalmasına səbəb vasitəçilərin qərəzliyi və geosiyasi maraqları olub. O, hazırkı ikitərəfli formatın daha effektiv olduğunu və Paşinyanın hakimiyyətdə qalmasının bu kursun davamını təmin edəcəyini vurğulayıb. 

Maraqlıdır, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?

"Azərbaycan-Ermənistan münaqişəsinin həllində iştirak edən vasitəçilərin hamısı bu və ya digər formada münaqişənin həllində deyil, bölgədə status-kvonun qorunub saxlanılmasında maraqlı olublar. Ona görə də uzun illər ərzində həmsədrlərin tənzimlədiyi bu münaqişə davam edib. Heç bir anlaşma və ya uzlaşma əldə olunmayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, artıq son illərdə, xüsusilə müharibədən sonra tərəflər vasitəçilər olmadan görüşür və məsələlər də yavaş-yavaş öz həllini tapmağa başlayır. Odur ki, Cənubi Qafqazda problemlərin vasitəçilər olmadan həlli daha məqbuldur. Sülh sazişi imzalandıqdan sonra isə ümumiyyətlə hər hansı bir narazılığa və yaxud vasitəçiliyə ehtiyac qalacağını düşünmürəm.

"Bu gün Rusiya yönümlü və digər qüvvələr çalışırlar ki, Ermənistanda hakimiyyətə gəlsinlər. Amma onların əsas şüarları "Qarabağı qaytarmaq", "Artsax problemi" və buna bənzər məsələlərdir. Əlbəttə, əgər onlar hakimiyyətə gəlsələr, o halda Azərbaycan-Ermənistan münasibətlərində yenidən gərginlik yarana və regionda yeni münaqişə ehtimalı arta bilər. Düzdür, Azərbaycan hazırda kifayət qədər güclü dövlətdir və istənilən təsirə, təzyiqə cavab vermək imkanına malikdir. Amma bütün hallarda bölgədə formalaşmış sülh mühiti, şübhəsiz ki, zədələnə bilər. Odur ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsini Cənubi Qafqazda sülh və sabitlik üçün ciddi təhlükə hesab edirəm", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr