
İran 400 kq yüksək zənginləşdirilmiş uranı ABŞ-yə deyil, Rusiyaya təhvil vermək şərti ilə nüvə proqramını uzunmüddət üçün dondurmağa razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, İranın Pakistan vasitəsilə Vaşinqtona çatdırılan yenidən işlənmiş sülh təklifinin əsas detallarından biridir.
“Al-Arabiya”ya sızan məlumatlara görə, yenidən işlənmiş İran təklifi Tehranın nüfuzunu qorumağa imkan verəcək siyasi ifadələrlə uzunmüddətli, çoxmərhələli atəşkəsi nəzərdə tutur.
Son təkliflərə görə, İran nüvə proqramını tamamilə ləğv etməmək şərti ilə dondurmağa hazırdır. Ancaq 400 kq yüksək dərəcədə zənginləşdirilmiş uran ABŞ-yə deyil, Rusiyaya təhvil verilməlidir.
Hörmüz boğazına gəldikdə, İran Pakistan və Omanla birlikdə tədricən və təhlükəsiz şəkildə açılış təklif edir. Bundan əlavə, İran dəniz yolunu nüvə məsələsindən ayırmağı irəli sürür.
Nüvə proqramı və uranın zənginləşdirilməsi kimi daha mürəkkəb məsələlərin gələcək danışıqlar mərhələlərinə qədər təxirə salınması nəzərdə tutulur.