Azərbaycanda boşanmaların sayı ötən illə müqayidəsə daha çox artıb. Bu ilin iki ayında ölkədə 3 376 boşanma qeydə alınıb. Son 85 il ərzində qeydə alınan ən yüksək göstəricidir.
Bəs boşanmaların sayı nə üçün artır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Zeynəb Eyyubovanın sözlərinə görə, son illər boşanmaların artması tək bir səbəblə izah oluna bilməz.
O bildirib ki, cəmiyyətdə çox sürətli sosial dəyişikliklər gedir və ailə modeli də bundan təsirlənir: “İnsanlar əvvəllə müqayisədə daha fərqli gözləntilərlə evlənirlər. Əvvəl ailə daha çox sosial məsuliyyət və məcburiyyət üzərində qurulurdusa, indi emosional yaxınlıq, anlayış, dəstək və fərdi xoşbəxtlik ön plana çıxır. Boşanmaların artmasının əsas səbəbləri arasında ünsiyyət problemləri xüsusi yer tutur. Cütlüklər bir-birini dinləməyi, hisslərini düzgün ifadə etməyi bacarmayanda kiçik problemlər zamanla böyük konfliktlərə çevrilir. Maddi çətinliklər, işsizlik, iqtisadi stress də münasibətlərə ciddi təsir edir. Çünki uzunmüddətli gərginlik insanın emosional dözümlülüyünü azaldır”.
Z.Eyyubova qeyd edib ki, sosial şəbəkələrin də boşanmalara müəyyən təsiri var: “İnsanlar sosial mediada ideal münasibətlər görür və öz həyatlarını onlarla müqayisə edirlər. Bu isə narazılığı artırır. Eyni zamanda xəyanət, gizli yazışmalar, emosional uzaqlaşma kimi problemlər də texnologiyanın təsiri ilə daha çox görünür. Digər tərəfdən, əvvəl insanlar bir çox problemlərə baxmayaraq boşanmırdı, çünki sosial təzyiq çox idi. İndi isə insanlar psixoloji sağlamlığa daha çox önəm verir və zərərli münasibətdə qalmaq istəmirlər. Bu baxımdan boşanmanın artmasını yalnız mənfi göstərici kimi qiymətləndirmək düzgün olmaz. Ancaq burada vacib məsələ dözümlülüklə susmaq arasındakı fərqi anlamaqdır. Sağlam münasibətdə insanlar kompromis etməyi, bir-birini anlamağı bacarmalıdır. Amma hörmətsizlik, zorakılıq, davamlı psixoloji təzyiq olan münasibətdə sırf “ailə dağılıb” deyə qalmaq da düzgün yanaşma deyil”.
Psixoloq son zamanlar cəmiyyətdə səsləndirilən “qadın qaynanalı evə yoldaşının maddi vəziyyətini bilərək ərə gəlir, sonradan bəyənmirsə onun günahıdır” fikirlərinə də münasibət bildirib: “Bu cür məsələlərə çox sərt və etiketləyici yanaşmaq düzgün deyil. Münasibətlər dinamik prosesdir və zamanla insanların ehtiyacları, gözləntiləri dəyişə bilər. Məsələn, bir qadın və ya kişi evlənəndə müəyyən şərtlərlə razılaşa bilər, amma sonradan birlikdə yaşamağın psixoloji çətinliklərini hiss edə bilər. Qaynanalı evdə yaşamaq bəzi ailələr üçün problemsiz olur, bəziləri üçün isə şəxsi sərhədlər, məxfilik və cütlük münasibəti baxımından çətinlik yaradır. Burada əsas məsələ kimin haqlı olması yox, tərəflərin bir-birini anlayıb ortaq həll tapa bilməsidir. Eyni şəkildə maddi məsələ də çox həssas mövzudur. İnsanlar evlənəndə hər şeyi tam dərk etməyə bilər. Sonradan iqtisadi stress, həyat yükü, uşaqların məsuliyyəti münasibətdə gərginlik yarada bilir. Bu, avtomatik olaraq kimisə pis insan etmir. Ən təhlükəli yanaşma tərəflərdən birini tam günahkar elan etməkdir. Çünki ailə münasibətləri “bir nəfərin günahı” prinsipi ilə işləmir. Burada ünsiyyət, empatiya, qarşılıqlı hörmət və emosional yetkinlik əsas rol oynayır. Biz cəmiyyət olaraq insanları damğalamaqdan çox, sağlam münasibət qurmağı öyrənməliyik. Çünki ittiham dili ailələri düzəltmir, əksinə münasibətlərdə müdafiə və aqressiyanı artırır”.
Z.Eyyubova vurğulayıb ki, boşanmaların qarşısını almaq üçün münasibət mədəniyyəti formalaşmalıdır: “İnsanlar evliliyə yalnız toy və romantika kimi yox, emosional məsuliyyət kimi baxmalıdır. Evlilikdən əvvəl psixoloji hazırlıq, ünsiyyət bacarıqları, konflikt idarəetməsi barədə maariflənmə çox vacibdir. Çünki güclü ailə təsadüfən yaranmır, üzərində çalışılan münasibətdən formalaşır”.
Şəhanə Quliyeva