Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Uqanda və Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı rəsmi təsdiqini tapmış 32 yoluxma, eləcə də 500-dən artıq şübhəli fakt aşkarlanıb.
Hafta.az xəbər verir ki, bu rəqəmləri ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrə şəhərində baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasındakı məruzəsində açıqlayıb.
Qebreyesusun sözlərinə görə, KDR-in şimal hissəsində yerləşən İturi əyalətində indiyədək 30 nəfərin virusa yoluxduğu dəqiqləşib:
"Uqanda tərəfi isə paytaxt Kampalada təsdiqlənmiş iki xəstələnmə faktı barədə ÜST-ni məlumatlandırıb. Həmçinin, Konqo Demokratik Respublikasından gəlmiş həmin iki şəxsdən birinin artıq öldüyü məlum olub".
Təşkilat rəhbəri vurğulayıb ki, rəsmiləşmiş hallarla yanaşı, 500-ü aşan şübhəli fakt və 130 ölüm hadisəsi mövcuddur. O, bölgədəki fəaliyyətlərin, xüsusilə də nəzarət tədbirlərinin artırılması, təmasda olanların axtarışı və laborator yoxlamaların miqyası böyüdükcə bu göstəricilərin yenilənəcəyini diqqətə çatdırıb.