AZ

Polad Bülbüloğlu: Şuşa dirçəlir və bu, böyük sevinc hissi doğurur

Mən Şuşada həm işğal dövründə olmuşam, həm də şəhər azad edildikdən sonra onu ilk ziyarət edənlərdən biri olmuşam. O vaxtdan bəri ora mütəmadi olaraq qayıdıram və şəhərin necə göz önündə dirçəldiyini görürəm.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu WUF13 çərçivəsində “İki sahil”ə  açıqlamasında bildirib.

"Bir neçə gün öncə mən yenidən Şuşada, IX Beynəlxalq "Xarıbülbül" Musiqi Festivalında iştirak etdim. Bu festival artıq doqquzuncu dəfədir keçirilir: üç dəfə işğaldan əvvəl, altı dəfə isə şəhər azad olunduqdan sonra. Bu il festival çox uğurlu keçdi, gözəl konsertlər təşkil olundu. Şuşa doğrudan da gözlərimizin qarşısında dirçəlir və bu, böyük sevinc hissi doğurur”, - deyə Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, hər gəlişində şəhərdə yeni küçələr, evlər və binalar inşa olunur. Xüsusilə sevindirici haldır ki, məscidlər tam bərpa edilib və yaxşı vəziyyətdədir:  “Azərbaycan vətəndaşı kimi və Qarabağla bağlı kökləri olan bir insan olaraq bərpa işlərinin sürətini yüksək qiymətləndirirəm. Şəhərin azad olunmasından cəmi altı il keçib, lakin bu müddətdə olduqca böyük işlər görülüb. Bu gün Şuşada artıq təxminən 1500 nəfər yaşayır və biz onlarla mütəmadi görüşmək imkanına malikik. Şəhər yenidən həyatla dolur - bu isə dərin qürur və sevinc hissi yaradır”, - deyə o, vurğulayıb.

Polad Bülbüloğlu qeyd edib ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi beynəlxalq miqyasda böyük və mühüm hadisədir:  “Bu, dialoq üçün vacib platformadır və eyni zamanda Azərbaycanın dünyaya güclü təqdimatıdır. Bakıda getdikcə daha çox beynəlxalq tədbirin keçirilməsi və müxtəlif ölkələrdən qonaqların gəlməsi çox sevindiricidir. Bu, ölkəmizin beynəlxalq arenada artan rolunu bir daha təsdiqləyir”.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
61
ikisahil.az

1Mənbələr