İsveçrə tarixinin ən ciddi ekoloji böhranlarından biri ilə üz-üzə qalıb.
Musavat.com xəbər verir ki, ölkədə buzlaqların sürətlə əriməsi dağlıq bölgələrdə böyük təhlükə yaradıb və bəzi kəndlərdə təxliyə işlərinə başlanılıb. Yerli hakimiyyət orqanları riskli ərazilərdə fövqəladə vəziyyət elan edib.
İsveçrə Buzlaq Monitorinq Şəbəkəsinin (GLAMOS) məlumatına görə, ölkə buzlaqları son 10 ildə ümumi həcminin 25 faizini itirib. Alimlər bildirirlər ki, isti qış mövsümü və qar örtüyünün azalması buzlaqları daha da zəiflədib.
Ən təhlükəli vəziyyətin Valais və Graubünden kantonlarında yarandığı bildirilir. Buzlaqların əriməsi nəticəsində dağlarda böyük qaya parçaları boşalır və yaşayış məntəqələrini təhdid edir. Geoloqlar bəzi ərazilərdə torpaq sürüşmələrinin “saniyələr içində” baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.
Brienz və ətraf kəndlərdə sirenlər işə salınıb, əhali təhlükəsizlik məqsədilə bölgədən çıxarılıb. Hökumət həmin ərazilərə girişləri qadağan edib və 24 saatlıq nəzarət sistemi qurub.
İsveçrə Federal Şurası buzlaqların əriməsini artıq “milli təhlükəsizlik məsələsi” adlandırır. Məlumata görə, dronlar və peyklər vasitəsilə dağlıq bölgələr daimi izlənilir, ərimə sularının bəndlərə və dəmir yollarına zərər verməməsi üçün xüsusi kanallar açılır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hazırkı sürət davam edərsə, 2100-cü ilə qədər Alp dağlarının böyük hissəsi tamamilə yaşıllığa çevrilə və buzlaqlar yox ola bilər. Bu isə Avropanın əsas çaylarından olan Reyn və Ron çaylarının su mənbələrinə ciddi təsir göstərəcək.
Musavat.com