“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müzakirə olunan mövzulardan biri də Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin şəhərsalma ənənələridir. Bu mövzu tarixə baxışla yanaşı, həm də Azərbaycanın bu gün ortaya qoyduğu inkişaf modelinin mahiyyətini anlamaq baxımından olduqca önəmlidir. Çünki Azərbaycan şəhərləri sadəcə yaşayış məkanları olmayıb, onlar xalqın mədəniyyətini, dövlətçilik düşüncəsini, iqtisadi gücünü və sivilizasiya səviyyəsini özündə əks etdirən mühüm mərkəzlər kimi formalaşıb. Qədim Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı kimi şəhərlərin tarixi göstərir ki, Azərbaycan xalqı əsrlər boyu yüksək urban mədəniyyət yaratmağa nail olub. Bu şəhərlər müxtəlif dövrlərdə regionun ticarət yollarının üzərində yerləşən, elm, sənət və siyasi həyatın inkişaf etdiyi mühüm mərkəzlərə çevrilib. Hər bir şəhərin memarlığında, küçə quruluşunda, ictimai həyatında və mədəni mühitində böyük bir sivilizasiya təcrübəsi yaşayır. Bu gün həmin şəhərlərə baxdıqda yalnız qədim daşları deyil, xalqın minilliklər boyu yaratdığı zəngin şəhər yaddaşını görürük”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova deyib.
Deputat bildirib ki, Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi XIX əsrin ikinci yarısından başlayaraq xüsusilə sürətlənib: “Neft sənayesinin inkişafı Bakını dünyanın ən mühüm sənaye şəhərlərindən birinə çevirdi. Qısa müddətdə şəhərdə yeni infrastruktur yaradıldı, müasir memarlıq nümunələri inşa olundu, Avropa və Şərq memarlıq üslublarının vəhdəti meydana çıxdı. Bu dövr Azərbaycanın modernləşmə tarixində dönüş nöqtəsi oldu. Lakin ən diqqətçəkən məqam ondan ibarətdir ki, inkişaf prosesi milli-mədəni irsin unudulması hesabına aparılmadı. Əksinə, tarixi irsin qorunması ilə müasirliyin uzlaşdırılması Azərbaycan şəhərsalma siyasətinin əsas xəttinə çevrildi. Bu siyasət bu gün daha geniş və sistemli şəkildə davam etdirilir. Müasir Azərbaycan şəhərləri yalnız yeni yollar, binalar və infrastrukturlarla deyil, həm də estetik görünüşü, ekoloji yanaşması və rahat yaşayış mühiti ilə seçilir. Son illərdə həyata keçirilən abadlıq və yenidənqurma layihələri göstərir ki, ölkədə şəhərsalma artıq təkcə tikinti prosesi deyil, strateji inkişaf konsepsiyası kimi qəbul olunur. Tarixi abidələrin bərpası, park və yaşıllıq zolaqlarının artırılması, milli memarlıq elementlərinin qorunması və müasir texnologiyaların tətbiqi bu siyasətin əsas istiqamətlərindəndir. Bu gün Azərbaycan öz şəhərlərini yeniləyərkən keçmişlə gələcək arasında körpü qurur. Bir tərəfdən qədim şəhərlərin ruhu, tarixi siması qorunur, digər tərəfdən isə yeni urbanizasiya modeli formalaşdırılır. Bu yanaşma Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da diqqət çəkən inkişaf nümunəsinə çevrilməsinə səbəb olur. Çünki müasir dünyada güclü şəhər yalnız böyük binalarla ölçülmür, onun tarixi yaddaşı, mədəni kimliyi və insanlara təqdim etdiyi həyat keyfiyyəti əsas göstəricilərdən hesab olunur. Məhz buna görə də Azərbaycanın şəhərsalma siyasəti bu gün keçmişin zəngin irsini qoruyaraq gələcəyin şəhərlərini qurmaq fəlsəfəsi üzərində inkişaf edir. Bu həm milli dəyərlərə sədaqətin, həm də müasir inkişaf düşüncəsinin parlaq təzahürüdür”.
Aytəkin Qardaşova