Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Biz hazırda Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən tədbirdə Ukraynanı təmsil edirik. Hökumət nümayəndə heyəti ilə birlikdə buradayıq”.
Bu sözləri Kiyev qubernatoru Mikola Kalaşnik Bizimyol.info-ya açıqlaması zamanı bildirib.
Kalaşnik qeyd edib ki, Ukrayna artıq dörd ildir genişmiqyaslı müharibə şəraitində yaşayır, ümumilikdə isə ölkə 2014-cü ildən bəri müharibənin ağır nəticələri ilə üzləşir. Onun sözlərinə görə, bu gün ölkənin qarşısında duran ən böyük problemlərdən biri dağıdılmış şəhər və yaşayış məntəqələrinin yenidən qurulmasıdır ki, insanlar öz evlərinə geri qayıda bilsinlər.
Kalaşnik vurğulayıb ki, Ukraynada gündəlik həyat artıq yeraltı məkanlara köçüb. Məktəblərin, xəstəxanaların və digər ictimai obyektlərin təhlükəsiz sığınacaq olmadan fəaliyyət göstərməsi mümkün deyil. Buna görə də şəhərlərdə, iş yerlərində və ictimai məkanlarda hava həyəcanı siqnalları zamanı insanların təhlükəsizliyini təmin etmək üçün yeraltı sığınacaqlar inşa edilir.
Qubernator bildirib ki, Kiyev vilayəti müharibə dövründə ciddi dağıntılarla üzləşib. Rus qoşunları Belarus sərhədi istiqamətindən Kiyevi ələ keçirməyə çalışsa da, Ukrayna təhlükəsizlik və müdafiə qüvvələri onların qarşısını ala bilib. Bununla belə, 15 icma və 246 yaşayış məntəqəsi 33 gün ərzində işğal altında qalıb.
Onun sözlərinə görə, həmin dövrdə təxminən 1500 mülki şəxs həyatını itirib, 300 nəfər isə itkin düşmüş hesab olunur. Hazırda da raket və pilotsuz uçuş aparatları ilə hücumlar davam edir.
Kalaşnik bildirib ki, müharibə dövründə ümumilikdə 30 minə yaxın obyekt dağıdılıb və onların böyük hissəsi yaşayış evləridir.
Bununla yanaşı, beynəlxalq tərəfdaşların, Ukrayna hökumətinin və Prezident Vladimir Zelenskyy rəhbərliyinin dəstəyi ilə artıq 24 min obyektin bərpa olunduğu diqqətə çatdırılıb.
Mikola Kalaşnik əlavə edib ki, Azərbaycanın və SOCAR şirkətinin dəstəyi ilə Ukraynada yaşayış binaları və sosial obyektlərin bərpası həyata keçirilir.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.