AZ

İlham Əliyevin “Euronews”dan dünyaya verdiyi mesaj – Bakının strateji mövqeyi…

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəsinin müasir inkişaf modelində, beynəlxalq əməkdaşlıq siyasətində, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma işləri və enerji təhlükəsizliyində artan rolunu geniş şəkildə əks etdirdi. Dövlət başçısı Azərbaycanın artıq yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan təşəbbüslərin iştirakçısı və təşəbbüskarı kimi çıxış etdiyini vurğuladı.

Xüsusilə Bakıda keçirilən WUF13 Dünya Şəhərsalma Forumunun ölkənin beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirən Prezident, şəhərsalma siyasətində tarixi-mədəni irsin qorunması ilə müasir urbanizasiya prinsiplərinin uzlaşdırılmasının vacibliyini ön plana çəkdi. Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri xüsusi yer tutub. Prezident İlham Əliyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin icrası, müasir infrastrukturun qurulması və insanların doğma torpaqlarına mərhələli şəkildə qaytarılması Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı unikal inkişaf modelidir. Bu proses çərçivəsində yollar, tunellər, körpülər, elektrik şəbəkələri, məktəblər və xəstəxanalar paralel şəkildə inşa olunur ki, bu da ölkənin dayanıqlı inkişaf strategiyasını nümayiş etdirir.

Dövlət başçısı həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrildiyini vurğulayaraq, Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixrac edilən ölkələrin sayının davamlı artdığını diqqətə çatdırıb.
Prezident bildirib ki, Azərbaycan enerji resurslarının şaxələndirilməsi siyasətini uzun illərdir ardıcıl şəkildə həyata keçirir və bu gün Avropa üçün etibarlı alternativ enerji mənbəyi rolunu oynayır. Yeni yataqlardan qaz hasilatının başlanması və enerji əməkdaşlığının genişlənməsi ölkənin strateji əhəmiyyətini daha da artırır. Müsahibədə regional və qlobal geosiyasi proseslərə də toxunan Prezident İlham Əliyev, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin dünya iqtisadiyyatına təsirindən danışaraq diplomatiyanın və çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib. Azərbaycanın enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətləri və balanslı xarici siyasəti sayəsində regional sabitliyə töhfə verdiyini bildirən dövlət başçısı vurğulayıb ki, ölkənin mövcud təcrübəsi gələcəkdə bir çox dövlətlər üçün nümunə ola bilər.

Deputat

Deputat Günay Ağamalı Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun, beynəlxalq nüfuzunun və strateji baxışının dünya ictimaiyyətinə təqdimatıdır: “Müsahibədə diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın qlobal təşəbbüslərin formalaşmasında söz sahibi olan dövlət kimi çıxış etməsidir. Dövlət başçımızın WUF13 forumu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində artan rolunu önə çəkir. Azərbaycan şəhərsalma, bərpa və müasir urbanizasiya sahəsində dünyaya unikal model sərgiləyir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yeni həyatın və güclü dövlət idarəçiliyinin nümunəsidir. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi ölkəmizin azad edilmiş ərazilərdə gələcəyə yönəlmiş müasir inkişaf modeli formalaşdırdğının göstəricisidir. Müsahibədə xüsusi vurğulanan enerji məsələləri Azərbaycanın beynəlxalq mövqeyini ortaya qoyur. Günümüzdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu dayanmadan artır və ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur. Uzun illərdir həyata keçirilən düşünülmüş enerji siyasəti nəticəsində Azərbaycan həm siyasi, həm iqtisadi baxımdan strateji əhəmiyyətini daha da gücləndirib. Cənab İlham Əliyevin regional proseslərlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın balanslı xarici siyasət kursuna sadiqliyinin təzahürüdür. Dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə ölkəmizin sabitlik, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipinə sadiqliyi Azərbaycanın beynəlxalq etimadını daha da artırır. Ölkəmizin təqdim etdiyi inkişaf modeli dünya ölkələri tərəfindən diqqətlə izlənilir və nümunə kimi dəyərləndirilir. Ölkəmizin imza atdığı bütün uğurların şəriksiz müəllifi möhtərəm prezident İlham Əliyevdir. Məhz dövlət başçımızın yürütdüyü praqmatik və zərgər dəqiqliyi ilə həyata keçirilən siyasət sayəsində ölkəmiz daha böyük yüksəkliklərə ucalacaq”.


Cavanşir Abbaslı
Musavat.com

Seçilən
19
20
musavat.com

10Mənbələr