AZ

Deputat: “Avropanın enerji təchizatında Azərbaycanın rolu yüksəlir”

“Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

"Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur.

Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır”.

Hazırda enerji əməkdaşlığının inkişafı Azərbaycan–Avropa münasibətlərinə necə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Avropanın enerji təchizatında Azərbaycanın rolu yüksəlir:

“Bu gün Azərbaycan Respublikasının təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə çatır. Təbii ki, biz ehtiyatları 47 trilyon kubmetr olan Rusiya, 34 trilyon kubmetr qaz ehtiyatına malik İran və 24 trilyon kubmetr ehtiyatı olan Qətərlə müqayisə oluna bilmərik. 

Lakin Azərbaycan bu gün mövcud böyük potensialı ilə Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbələrindən biri kimi mühüm rol oynayır. Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində öz ifadəsini tapır. Avropanın enerji təhlükəsizliyi isə əsasən enerji mənbələrinin şaxələndirilməsi ilə izah olunur”.

Deputat əlavə edib ki, bu reallıqda, bəli, bugünkü geosiyasi şəraitdə, xüsusilə Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə yaşanan böhranlar fonunda - Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə kifayət qədər böyükdür:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews”a verdiyi müsahibədə də qeyd olunduğu kimi, biz bu sahədə Avropa ilə əsas tərəfdaşlardan biriyik. 

Biz hazırda Azərbaycan dövləti olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının 10 dövlətinə qaz ixrac edirik. 2027-ci ilə, yəni gələn il bu göstəricini 20 milyard kubmetrə çatdırmağı hədəfləmişik. Bütövlükdə isə Avropanın 12 dövlətinə qaz ixrac edirik. Qaz ixrac etdiyimiz ölkələrin sayı isə 16-ya çatıb”.

Elman Nəsirov qeyd edib ki, Azərbaycanla enerji əməkdaşlığı qurmaq istəyən ölkələrin sayı artır:

“Yeri gəlmişkən, Serbiyanın Baş naziri Azərbaycana səfəri zamanı Azərbaycan Prezidentindən xahiş etmişdi ki, ölkəsinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun daha da artırılmasına dəstək göstərilsin.

Qeyd olunmuşdu ki, Serbiyanın neftə olan tələbatının 42 faizini Azərbaycan ödəyir və gələcəkdə Azərbaycandan təbii qaz da almaqda maraqlıdırlar. Bu isə onu göstərir ki, Azərbaycanla enerji əməkdaşlığı qurmaq istəyən ölkələrin sayı getdikcə artır. Bu il Almaniya və Avstriya da Azərbaycandan qaz alışını həyata keçirməyə başlayıb. 

“Yaşıl enerji”yə keçid strategiyası çərçivəsində Azərbaycan 2032-ci ilədək 8 giqavat həcmində yaşıl enerji istehsal etməyi planlaşdırır. Bu enerjinin ixracını reallaşdıracağımız təqdirdə təxminən əlavə 3–4 milyard kubmetr qaz ehtiyatının formalaşmasına imkan yarada bilər ki, həmin həcmin əsasən Avropa istiqamətinə yönəldilməsi nəzərdə tutulur”.

O bildirib ki, eyni zamanda, qarşıdakı 2–3 il ərzində yeni yataqlardan qaz hasilatının artırılması planlaşdırılır:

“Bu da əlavə 10–15 milyard kubmetr qaz deməkdir. Beləliklə, Avropa enerji təhlükəsizliyi baxımından Azərbaycana xüsusi diqqət yetirir və onu əsas strateji tərəfdaşlarından biri hesab edir.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr