525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Metro stansiyalarının tikintisində yeni yanaşma və ciddi təhlillərə ehtiyac vardır. Bunu nə üçün dedim? Çünki, şəhərin mərkəzində metro stansiyalarının sayını qeyd etdiyim və etmədiyim bir çox amilləri nəzərə almadan, əsaslandırılmış ölçmə və analizlər aparmadan artırmaq da rentabelli olmaz, ya mövcud problemləri aradan qaldırmaz, ya da müasir tələblərə cavab verən metro şəbəkəsinə nail ola bilmərik. Nəticədə görürük ki, bir xətt üzərində metro stansiyalarının tikintisi metronun mərkəz hissəsində yüklənməyə səbəb ola bilər. Metro bu yükü qaldıra bilməz. Məsələ şəhərdə deyil, metrodadır”.
İqtisadçı ekspert Elman Sadıqov bu fikirləri 525.az bildirib. Ekspertin sözlərinə görə, metronun şəhərdə yüklənmə və tıxacların aradan qaldırılmasında rolu əvəzsizdir. Hətta bir şəhərin ərazisində metro və metrosuz nə qədər sakinin yaşaya bilməsi imkanları ilə bağlı datalar və hesablamalar da fərqlidir. Şəhərsalma zamanı bu amil mütləq nəzərə alınır:
“Hesablama, ölçmə-analiz metodlarına dərindən toxunmadan bir amili də qeyd edim. Tutaq ki, Mərdəkana metro çəkildi. Mərdəkandan şəhərə gələn maşınların ay ərzində sayları ən azı 20-25% azalacaq. Heydər Əliyev prospektindəki yüklənməyə nə qədər müsbət təsir edəcək. Bunun da ölçmə və təhlil yolları var. Şəhərin mərkəzi hissələrinə metro ilə gələn əhalinin sayının artması tıxaclara və yüklənməyə təsir etmədən iqtisadi aktivliyin artması deməkdir. Şəhərin ÜDM-sinin artımına birbaşa töhfə deməkdir. Mürəkkəb hesablamaları, xarici şəhərlərdə bunlara nail olmaq üçün görülən tədbirləri burada əks etdirməyə ehtiyac görmürəm. Metronun mənim yuxarıda qeyd etdiyim və gördüyüm fəlsəfəsi üzərində bir daha fikirləşsək fikirlərim daha aydın olar. Tıxacların azalmasında metronun rolu ilə bağlı daha önəmli bir məsələ. Konkret deyək. Təsəvvür edək ki, Zabrat, Buzovna, Mərdəkan istiqamətindən və ya Günəşli, Bakıxanovdan şəhərə gələn insanların indikindən daha böyük hissəsi ən yaxın metroya qədər maşınları ilə gəlir, metro yanında təşkil olunmuş dayanacaqlarda maşınlarını saxlayaraq mərkəzə metro ilə gedirlər. Bu əslində bütün böyük şəhərlərdə belədir. Amma, bizdə Koroğlu, Xalqlar Dostluğu, Həzi Aslanov kimi metroların ətrafındakı küçələrin hamısı xətlənib və pulludur. Bu isə əhalini qeyd etdiyim şəkildə davranmağa təşviq edən amil deyil. Yəni, məqsəd tıxacın aradan qaldırılmasıdır, yoxsa maksimum pul qazanmaq? Tıxacın aradan qaldırılmasıdırsa yanaşmalara yenidən baxmağa ehtiyac var”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.