Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Valideynin vəfatından sonra onun pensiyası ilə bağlı məsələlər cəmiyyətdə ən çox qarışıq salınan hüquqi mövzulardan biridir. Bir çox insanlar düşünür ki, vəfat etmiş şəxsin aldığı pensiya avtomatik şəkildə övladına keçir. Halbuki qanunvericilikdə bununla bağlı konkret qaydalar və məhdudiyyətlər mövcuddur. Xüsusilə son aylıq pensiyanın alınması, yığılıb qalmış məbləğlər və ailə başçısını itirməyə görə pensiya hüququ fərqli anlayışlardır. Bəzi hallarda övlad mərhum valideynin pensiyasının müəyyən hissəsini və ya ödənilməmiş məbləğini ala bilir. Ancaq bunun üçün qohumluq əlaqəsi ilə yanaşı, bir sıra hüquqi şərtlər də nəzərə alınır. Müraciət müddəti, birgə yaşayış faktı və əmək qabiliyyəti kimi məqamlar burada əsas rol oynayır.Mövzu ilə bağlı hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlamasında bildirib ki, pensiya şəxsin özünə məxsus sosial təminat hüququ hesab olunur və həmin şəxs vəfat etdikdən sonra bu hüquq avtomatik olaraq başqa bir şəxsə ötürülmür:“Yəni qanunvericilik “mərhumun pensiyası tam şəkildə övladına keçir” anlayışını qəbul etmir. Burada əsas məsələ hansı növ ödənişdən söhbət getdiyidir. İlk növbədə fərqləndirmək lazımdır ki, mərhumun sağlığında hesablanmış, lakin ala bilmədiyi pensiya məbləği ilə ailə başçısını itirməyə görə təyin olunan pensiya ayrı hüquqi anlayışlardır. Əgər şəxs vəfat edənədək son aylıq pensiyasını almamışsa, həmin məbləğ müəyyən hallarda ailə üzvlərinə ödənilə bilər. Bu zaman əsas şərtlərdən biri ailə üzvlərinin onunla birgə yaşaması və qanuni varis statusunun olmasıdır. Məsələn, ata vəfat edib və həmin ay üzrə pensiyasını almadan dünyasını dəyişibsə, həyat yoldaşı və ya övladı notariat və aidiyyəti sosial quruma müraciət edərək həmin ödənilməmiş məbləği tələb edə bilər. Lakin burada söhbət davamlı pensiya almaqdan yox, yalnız hesablanmış və ödənilməmiş vəsaitdən gedir. Digər mühüm məsələ ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Bu artıq mərhumun pensiyasının davamı deyil, dövlət tərəfindən ailə üzvlərinə verilən ayrıca sosial təminat növüdür. Belə pensiyanı əsasən azyaşlı uşaqlar, əyani təhsil alan müəyyən yaşadək övladlar, əlilliyi olan ailə üzvləri və bəzi hallarda əmək qabiliyyəti olmayan şəxslər ala bilirlər”. Hüquqşünas qeyd edib ki, Azərbaycanda qanunvericiliyə görə, 18 yaşına qədər övladlar ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər:“Əgər övlad əyani formada ali və ya orta ixtisas təhsili alırsa, bu hüquq müəyyən yaş həddinədək davam edə bilər. Bəzən insanlar düşünür ki, mərhum valideyn yüksək məbləğdə pensiya alırdısa, həmin məbləğ tam şəkildə övladına veriləcək. Əslində isə ailə başçısını itirməyə görə ödənilən pensiya ayrıca hesablanır və əvvəlki pensiyanın məbləği ilə tam eyni olmur. Ən doğru addım vəfat hadisəsindən sonra vaxt itirmədən aidiyyəti qurumlara müraciət etmək, sənədləri toplamaq və hüquqi məsləhət almaqdır. Çünki hər bir işin özünəməxsus detalları olur və konkret vəziyyətdən asılı olaraq hüquqi nəticələr dəyişə bilər”.Yəni, vəfat edən valideynin pensiyası övladına birbaşa keçmir, sadəcə onun almadığı sonuncu ayın pulunu varisləri götürə bilər, daimi pensiya isə yalnız qanunla müəyyən edilən azyaşlı, tələbə və ya əlilliyi olan övladlara ayrıca hesablanaraq verilir.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.