Bakı, 19 may, AZƏRTAC
Tarixi və mədəni irsin qorunması şəhərsalma planlaması ilə paralel şəkildə həyata keçirilməlidir. Bu irsin gələcək nəsillərə çatdırılması üçün türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Türk Mədəniyyəti ve Mirası Fondunun nümayəndəsi Nuri Aksu bildirib.
Onun sözlərinə görə, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda keçiriləcək “Türk Evi” konfransı şəhərsalma ilə tarixi irsin əlaqəsinə həsr olunub.
“Bu gün dünyada şəhərsalma və yaşayış məkanlarının qurulması məsələlərinə yenidən baxılır. Biz bu prosesə tarixi miras prizmasından yanaşırıq və hesab edirik ki, şəhərlərin inkişafında mədəni irsin qorunması əsas prioritetlərdən biri olmalıdır. Bakıda həm tarixi irsi, həm də müasir şəhərsalma nümunələrini bir arada görmək mümkündür. Bu isə keçmişlə müasirliyin uzlaşdırılması baxımından çox mühüm təcrübədir”, - deyə Nuri Aksu vurğulayıb.
Türk Mədəniyyəti ve Mirası Fondunun nümayəndəsinin görə, türk dövlətləri arasında tarixi irsin qorunması və şəhərsalma sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək layihələr üçün də mühüm zəmin yaradır: “Konfrans çərçivəsində şəhərsalma ilə tarixi irsin necə birlikdə inkişaf etdirilə biləcəyini müzakirə edəcəyik və bu istiqamətdə fikir mübadiləsi aparacağıq”.