AZ

"Mənzil şəhərsalmanın əsas elementi olmalıdır" -

“Dünyada mənzil problemləri və maliyyə çətinlikləri getdikcə artır. Bu çağırışların həlli üçün ölkələr öz maliyyə imkanlarını düzgün planlaşdırmalı və mövcud həll mexanizmlərindən səmərəli istifadə etməlidirlər. Eyni zamanda, qərarların qəbulunda rəqəmsal və ənənəvi biliklərin, yerli icmaların maraqlarının nəzərə alınması vacibdir”.Mətbuat.az xəbər verir ki, bu fikirləri Anacláudia Rossbach Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan rəsmi mətbuat konfransında çıxışı zamanı səsləndirib. Anacláudia Rossbach bildirib ki, urbanizasiya və mənzil siyasətində əsas prioritet artıq qəbul edilən sənədlərin icrasına və real nəticələrin əldə olunmasına yönəlməlidir:“Bizim bəyannamələrimiz var. Fəaliyyət planlarımız var. Sınaqdan çıxmış həll yollarımız var. İndi isə irəliləyişi izləmək və nəticələrin təmin olunması üçün effektiv mexanizmlərə ehtiyac var. Biz Nayrobidə əldə olunan nəticələri, burada aparılan müzakirələri və Nyu-Yorkda keçiriləcək qlobal görüşləri bir-biri ilə əlaqələndirərək bu prosesi dəstəkləməyə hazırıq. Çünki inkişaf məhz belə baş verir: yerli səviyyədən regional səviyyəyə, regional səviyyədən qlobal səviyyəyə və yenidən geriyə. Afrika üzrə ən yaxşı təcrübələrin tanınması kimi təşəbbüslər isə artıq uğurlu modelləri nümayiş etdirmək üçün vacib platformalar yaradır”.Spiker qeyd edib ki, əgər mənzil şəhərsalmanın əsas elementi olmazsa, urbanizasiya xaotik, ayrı-seçkilik yaradan və dayanıqsız prosesə çevrilə bilər."Lakin mənzil prioritetə çevrildikdə, o, inkişafın güclü hərəkətverici qüvvəsinə çevrilir. Mənzil çoxşaxəli təsir yaradır. O, təhsili dəstəkləyir, iqtisadi fəallığı stimullaşdırır, iş yerləri yaradır və müxtəlif sektorlar üzrə dəyər zəncirlərini gücləndirir. Biz həmçinin bərabərsizliyin aradan qaldırılması məsələsini müzakirə etdik — daha düzgün xəritələşdirmə, güclü planlaşdırma, qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılması və zəruri hallarda, xidmət baxımından geridə qalan icmaların şəhər mühitinə inteqrasiyası vasitəsilə.”

Gülbeniz Hüseynli /Mətbuat.az

Seçilən
18
metbuat.az

1Mənbələr